14 C
Baku
25 Aprel 2025, 4:21
Baş xəbərDünya

Hubble Kosmik Teleskopu 35 illik yubileyində dörd sürpriz foto paylaşır

NASA, Hubble Kosmik Teleskopunun 35-ci ildönümü münasibətilə Marsdan uzaq qalaktikalara uzanan dörd təsir edici kosmik fotoşəkil paylaşıb.

1990-cı ildə kosmosa buraxılan Hubble Kosmik Teleskopu dörd yeni görüntü ilə 35-ci ildönümünü qeyd edib.

NASA və Kosmik Teleskopu Elm İnstitutu (STScI) tərəfindən yayımlanan fotoşəkillər Marsdan NGC 5335 spiral qalaktikasına qədər uzanan göy cisimlərini ortaya qoyur.

NASA-nın Astrofizika Bölməsinin direktoru vəzifəsini icra edən Şon Domaqal-Qoldman şəkilləri müşayiət edən açıqlamada, “Hubble 35 il əvvəl kainata yeni bir pəncərə açdı. Onun bu gün də fəaliyyət göstərməsi flaqman rəsədxanalarımızın dəyərini və onların gələcək layihələr üçün verdiyi ilhamı sübut edir” deyib.

Hubble ilk illərində işə salındıqdan sonra güzgüdə aşkar edilən istehsal qüsuru səbəbindən problemlər yaşayıb. Lakin 1993-cü ildə ilk texniki xidmət missiyası zamanı astronavtların quraşdırdığı xüsusi avadanlıq sayəsində təsvirin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

O vaxtdan bəri Hubble ekzoplanetlərdən tutmuş qara dəliklərə, qaranlıq enerjiyə və kainatın genişlənməsinin sürətlənməsinə qədər bir çox kəşflərə töhfə verib. NASA-nın məlumatına görə, Hubble bu günə qədər təxminən 1,7 milyon müşahidə aparıb, 55 min göy cismini tədqiq edib və 22 mindən çox elmi məqalənin mənbəyi olub.

Marsdan qalaktikalara kosmik açıqcalar

Teleskop tərəfindən yayımlanan yeni fotoşəkillər arasında onun 2024-cü ilin dekabrında Marsa ən yaxın olduğu zaman çəkilmiş şəkillər də daxildir.

Şəkillərdə Marsın narıncı Tharsis yaylası, vulkanik dağlar, şimal qütbünün buz örtükləri və su buxarı buludları əks olunub.

Dekabr ayında da çəkilmiş başqa bir şəkil, Yerdən 5200 işıq ili uzaqlıqda nəhəng ulduz əmələ gətirən bölgə olan Rozet Dumanlığının kiçik bir hissəsini göstərir. Qara qaz və toz buludları ulduzların doğulmasına ev sahibliyi edən bölgənin mürəkkəb quruluşunu ortaya qoyur.

Yanvar ayında çəkilmiş başqa bir fotoşəkildə NGC 2899 adlı planetar dumanlıq var. Yerdən 4500 işıq ili uzaqlıqda yerləşən bu göy cismi, mərkəzindəki ulduzdan gələn radiasiya və ulduz küləkləri ilə formalaşan rəngli qaz buludları ilə diqqət çəkir. Mart ayında qeydə alınmış başqa bir görüntüdə NGC 5335 adlı spiral qalaktika var. Şəkildə qalaktikanın mərkəzinə doğru qaz daşıyan çubuq formalı struktur görünür və onun kənarları ətrafında ulduz çoxluqları əmələ gəlir.

Hubble mirası davam edir

Teleskop zaman-zaman texniki problemlər yaşasa da, hələ də fəaliyyətini davam etdirir. 2021-ci ildə buraxılan və Hubble-dan yeddi dəfə çox işıq toplamaq qabiliyyətinə malik olan James Webb Kosmik Teleskopu (JWST) kainatı əsasən infraqırmızı dalğa uzunluqlarında müşahidə edir.

Digər tərəfdən, NASA-nın 2040-cı illərdə işə salmağı planlaşdırdığı Yaşayan Dünyalar Rəsədxanası layihəsi, görünən və ultrabənövşəyi işıqda müşahidələr apararaq Hubble-dan daha kəskin görüntülər əldə etməyi hədəfləyir.

Bu yeni teleskop uzaqdan xidmət üçün nəzərdə tutulacaq və əsas diqqəti həyat keçirmə potensialına malik olan ekzoplanetlərin aşkarlanmasına yönəldəcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

UNICEF: Yəməndə 5 yaşınadək hər 2 uşaqdan 1-i kəskin qida çatışmazlığından əziyyət çəkir

Aynur Camal

Alimlər Yer kürəsini asteroidlərdən xilas etmək üçün qayalara hücum edirlər

Aynur Camal

ABŞ-da əcnəbilərə ev satışı son 15 ildə ən aşağı səviyyədədir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu