Argentina 2023-cü ildə baş verən iğtişaşlarda iştirakına görə məhkum edilmiş braziliyalı qaçağa siyasi sığınacaq verib. Analitiklərin fikrincə, bu qərar Braziliyada qarşıdan gələn prezident seçkilərinə təsir göstərə bilər.
Sığınacaq verilən şəxs – 47 yaşlı yük maşını sürücüsü Joel Borges Korrea – keçmiş prezident Jair Bolsonaronun tərəfdarlarından biridir. O, 8 yanvar 2023-cü ildə Braziliyada baş verən iğtişaşlarda iştirakına görə məhkum olunmuşdu.
Həmin gün yüzlərlə etirazçı keçmiş prezident Bolsonaronun seçkidə məğlubiyyətini qəbul etməyərək paytaxt Braziliya şəhəri (Brasília)ndə yerləşən Konqres binasına, Prezident sarayına və Ali Məhkəməyə hücum etmişdi. Hadisələr prezident Luiz Inácio Lula da Silva vəzifəyə başladıqdan cəmi bir həftə sonra baş vermişdi.
İstintaq orqanları hücumları hökuməti devirməyə yönəlmiş geniş planın bir hissəsi kimi qiymətləndirib. Hadisələrə görə yüzlərlə şəxs vandalizm və üsyan ittihamları ilə 17 ilə qədər həbs cəzasına məhkum edilib.
Məlumata görə, Bolsonaronun tərəfdarlarından bir çoxu Argentinaya qaçıb. 2024-cü ildə Braziliya hökuməti 61 vətəndaşının ekstradisiyasını tələb edib. Argentina Federal Polisi onlardan bir neçəsini saxlayaraq məhkəməyə təqdim edib.
Buna baxmayaraq, Argentinanın qaçqın məsələləri üzrə komissiyası – CONARE Joel Borges Korreaya sığınacaq verilməsi barədə qərar qəbul edib. Komissiya onun siyasi baxışlarına görə təqib olunduğunu və ayrı-seçkiliklə üzləşə biləcəyini bildirib.
Braziliya hakimiyyətindəki mənbələrin sözlərinə görə, bu qərar gözlənilməz olub və ölkə daxilində siyasi mübahisələrə səbəb ola bilər.
Digər tərəfdən, Bolsonaronun oğlu və deputat Eduardo Bolsonaro sosial şəbəkələrdə qərarı “azadlığın qələbəsi” adlandıraraq Argentinanın prezidenti Javier Mileiyə təşəkkür edib.
Politoloqlar hesab edirlər ki, Braziliyada oktyabr ayında keçiriləcək prezident seçkiləri fonunda bu məsələ siyasi mübarizənin əsas mövzularından birinə çevrilə bilər.
Mənbə: The Guardian
