Bugun.tv-yə daxil olan məlumata görə, Bakıda yerləşən Gülüstan Sarayında keçirilən II Qadın Liderləri Zirvəsi müxtəlif sahələrdə fəaliyyət göstərən qadın liderləri bir araya gətirib. Facemark şirkətinin təşkilatçılığı ilə baş tutan tədbir liderlik, təcrübə mübadiləsi və əməkdaşlıq baxımından əhəmiyyətli platforma kimi yadda qalıb.
Rəsmi şəxslər iştirakçıları salamladı
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək qadınların cəmiyyətin inkişafındakı rolundan danışıb və lider qadınların sayının artmasının vacibliyini vurğulayıb.
Daha sonra ABB Bank-ın baş direktoru Aynur Süleymanlı iştirakçıları salamlayaraq qadınların biznes və idarəetmə sahəsində daha fəal təmsil olunmasının əhəmiyyətindən bəhs edib.
Tədbirin xüsusi qonaqlarından biri olan BigChefs brendinin təsisçisi Gamze Cizreli isə liderlik və sahibkarlıq mövzusunda çıxışı ilə iştirakçıların diqqətini çəkib.

Panel müzakirələrində tanınmış spikerlər çıxış etdi
Zirvə çərçivəsində keçirilən panel müzakirələrində müxtəlif sahələrdə uğur qazanmış spikerlər iştirak ediblər. Panel çıxışlarında Nigar Köçərli, Leyla Quliyeva, Yaylagül Ramazanova, İlahə Qazıyeva və Ayşən Aslan-Məmmədli qadınların liderlik yolu, peşəkar inkişafı və əldə etdikləri təcrübələr barədə fikirlərini bölüşüblər.
Spikerlər qadınların biznes, mədəniyyət və ictimai sahələrdə daha geniş imkanlar əldə etməsinin vacibliyini qeyd edərək gənc qadınlara motivasiya verən çıxışlar ediblər.

Azərbaycan Mədəniyyəti platformasının bədii proqramı maraqla qarşılandı
Tədbirin proqramında xüsusi diqqət çəkən hissələrdən biri Azərbaycan Mədəniyyəti sosial platformasının təqdim etdiyi bədii proqram olub. Platformanın hazırladığı çıxış milli mədəniyyətin zənginliyini nümayiş etdirərək tədbirin ümumi atmosferinə xüsusi rəng qatıb.
Bədii hissədə istedadlı gənc ifaçılar – Aydan Süleymanzadə, Fidan Süleymanzadə, Səma Vüqarlı, Səbinə Cəfərova, Rəqsanə Əsədova və Rühəngiz Musayeva ifaları ilə iştirakçıların böyük rəğbətini qazanıblar.
Eyni zamanda instrumental ifaçılar Rəsul Hacızadə, Səxavət Məmmədov və Loğman Məmmədov milli musiqimizin incəliklərini yüksək peşəkarlıqla təqdim edərək tədbirə xüsusi ab-hava qatıb.

Zirvə yaddaqalan tədbir kimi qiymətləndirildi
Beləliklə, II Qadın Liderləri Zirvəsi liderlik ideyalarının, təcrübə mübadiləsinin və mədəniyyətin vəhdət təşkil etdiyi nüfuzlu tədbir kimi yadda qalıb. Tədbirdə təqdim olunan bədii proqram isə iştirakçılar tərəfindən böyük maraqla qarşılanaraq zirvənin ən yaddaqalan məqamlarından biri kimi qiymətləndirilib.







