“Ramiz Əzizbəyli telefon səsinə yuxudan oyandı.
– Alo, bəli, Ramiz Əzizbəylidir.
Telefonda səs eşidildi.
– Sabahınız xeyir, Ramiz müəllim. Sizi “Tək Səbr” restoranın administrator Yaqub narahat edir. Sizin bizim restorana 300 manat borcunuz var. Xahiş edirəm, zəhmət olmasa borcunuzu günun axırına kimi çatdırın.
Ramiz Əzizbəyli əvvəlcə elə bildi ki, onunla kimsə zarafat edir. Sonra gördü ki, yox, bu zarafata oxşamır.
– Ay qardaş, mənim sizin restorana heç bir borcum yoxdur. Mən sizin restoranın harda yerləşdiyini bilmirəm.
– Necə yəni bilmirsiz? Ramiz müəllim, xahiş edirəm, mənimlə məzələnməyin. Sırağa gün 3 nəfər dostlarınızla gəlib yeyib-içdiniz, gedəndə dediniz ki, hesab səhər çatacaq. Biz də sizin hörmətli şəxs olduğunuzu nəzərə alıb razılaşdıq. Müdüriyyət xəbər tutsa, məni işdən çıxardacaq. Xahiş edirəm axşama kimi pulu çatdırın.
– Ay qardaş, sırağa gün mən heç Bakıda olmamışam. Sən məni yəqin kiminləsə səhv salırsan.
– Ramiz müəllim, sizi kiminləsə səhv salmaq olar? Mən sizin bütün rollarınızı əzbər bilirəm. Sırağa gün bizim restoranda yarım litr vurandan sonra, necə gözəl rəqs etdiyinizi də telefonla çəkmişəm. Gəlib baxa bilərsiz.
– Ay qardaş, demirsən telefona çəkmisən, göndər vatsapıma.
– Bu dəqiqə göndərirəm.
Çox çəkmədi Ramiz Əzizbəylinin vatsapında “Tək Səbr” restoranında onun rəqs etdiyi görüntülər göründü. Ramiz Əzizbəyli telefonda özünü görəndə çaş-baş qaldı, gözlərinə inanmadı. Sonradan iri planda onun oxşarının olduğunu görüb gülümsədi. Ramiz Əzizbəyli “Tək Səbr” restoranının administratoru Yaquba zəng edib dedi ki, o mən deyiləm, mənim oxşarımdır, sizə kələk gəlib.
– Ramiz müəllim, bu təzə hoqqadır?! Gəlib yeyib-içib gedirsiz, sonra da deyirsiz ki, bu mən deyiləm, mənim oxşarımdır?!
– Ay qardaş, mən bu dəqiqə gəlirəm sizin restorana.
Ramiz Əzizbəyli telefonunu qapayıb evdən çıxanda telefonu yenidən zəng çaldı.
Alo, bəli Ramiz Əzizbəylidir.
Telefonda səs eşidildi.
– Ramiz müəllim, sizi “İmpuls” mağazasından narahat edirik. Dünən bizdən paltar yuyan maşını aldız, 200 manatınız çatmadı, dediz bir saata gələcəksiz. Sizdən xəbər çıxmadı, xahiş edirəm pulu çatdırasız.
Ramiz Əzizbəylinin öncə rəngi saraldı, sonra qaraldı, daha sonra bozardı, üz tutdu polis məntəqəsinə. Polis məntəqəsində rəisə hər şeyi olduğu kimi danışdı. Polis rəisi Ramiz Əzizbəylini sakitləşdirdi, göstəriş verdi ki, Ramiz Əzizbəylinin təcili oxşarını tapıb polis məntəqəsinə gətirsinlər. Ramiz Əzizbəyli rəisə öz minnətdarlığını bildirib, polis məntəqəsini tərk edib, Yaşıl bazara bazarlığa yollandı. Bazarın girəcəyində 2 nəfər polis onun qollarını burub maşına basdılar. Ramiz Əzizbəyli and-aman elədi ki, mən Ramiz Əzizbəyliyəm. Polis dedi ki, sənin kim olduğunu polis məntəqəsində ayırd edərik. Ramiz Əzizbəylini polis məntəqəsinə gətirib polis rəisinə təhvil verəndə, polis rəisi Ramiz Əzizbəylini görüb gülməkdən uğundu. Sonradan ağlına bir fikir gəldi.
Ramiz müəllim, siz bizə oxşarınızı tapmaqda yaxından kömək etməlisiz.
Ramiz Əzəzbəyli çiyinlərini çəkdi.
Necə?
Biz sizin oxşarınızı tapana gədər xahiş edirəm evdən bayıra çıxmayın.
Ramiz Əzizbəyli artıq 2 həftə idi ki, evdə oturub, cızma-qara ilə məşğul olurdu. Televizorda çoxdan gözlədiyi “Qarabağ”- “Çelsi” oyunu göstərilirdi. Oyun çox maraqla keçirdi. Birdən şərhçi dedi ki, tamaşaçılar arasında bizim sevimli aktyorumuz Ramiz Əzizbəyli də var.
Kamera Ramiz Əzəizbəylinin oxşarını göstərdi. O, tamaşaçılara əl etdi. Bu zaman Razmiz Əzibəylinin telefonu zəng çaldı. Danışan polis rəisi idi.
Ramiz müəllim, bu olmadı ki? Mən sizdən xahiş etdim ki, oxşarınız tapılana kimi evdən bayıra çıxmayasınız.
Rəis, mən evdəyəm, stadionda mənim oxşarımdır.
Rəis odboy verdi. Çox keçmədi stadionda Ramiz Əzizbəylinin oxşarını tutdular. Ramiz Əzizbəyli polis məntəqəsində oxşarı ilə görüşəndə polis rəisi dedi:
Ramiz müəllim, düz deyirlər, Allah insanı qoşa yaradır. Biri xalq artisti olur, biri dələduz.
Əhməd Orucoğlu