Masallıda, şəhid qardaşların – Aprel şəhidi gizir Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə ev-muzeyi yaradılıb.
Bugun.tv xəbər verir ki, bu barədə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova məlumat verib.
Arzu Bağırova qeyd edib ki, bu günlərdə qurban bayramı ərəfəsində Ziba xalamın qonağı olub:
“Qəhrəman şəhid qardaşlarımın Viləş kəndindəki ev-muzeyini ziyarət etdik. Ziyarət zamanı vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərmizin ev-muzeyindəki şəxsi əşyalarına, dövlət təltiflərinə, hərb sahəsində işlədikləri müddətdə aldıqları təşəkkürnamələrinə, geyimlərinə və ailə fotolarına qürurla həm də həsrətlə baxdıq.
Muzey haqqında məlumat verən iki şəhid anası Ziba Əsgərova və atası Bayram Əsgərov qəhrəman övladlarının həyat yolu və döyüş şücaəti barədə xatirələrini bizimlə bölüşdülər.
Bütün şəhidlərimizi qürurla yad edərək, bizə böyük zəfəri yaşatdıqları üçün sonsuzadək minnətdarıq!
Allah şəhidlərimizə rəhmət eləsin!”.