Bəzən bir insanın gəlişi bütöv bir şəhərin, hətta bir millətin yaddaşına möhür kimi həkk olunur. Naxçıvan Dövlət Universitetinin rəhbərliyi Türkiyənin elm və mədəniyyət abidəsi sayılan, dünya miqyasında tanınan tarixçi, professor İlber Ortaylını Naxçıvana dəvət etməklə yalnız bir tədbir keçirmədi – əsrlərin yaddaşını bu qədim diyarın sükutuna hopdurdu, xalqın qəlbində unudulmaz iz buraxdı. Düşünmək olar ki, bu sadəcə bir görüş idi. Amma o gün Naxçıvanda yalnız bir görüş yox, millətin ruhu ilə tarix arasında qovuşma baş verdi. İlber Ortaylının sözlərində sadəcə tarix yox, türk ruhunun gücü, yaddaşın ucalığı, millət sevgisinin əbədiliyi vardı. NDU rəhbərliyinin bu böyük tədbir üçün çəkdiyi zəhməti isə xüsusi vurğulamaq lazımdır. Bir ziyalını dəvət etmək sadə iş deyil – bu həm düşüncənin, həm də vizyonun böyüklüyüdür.
Çünki İlber Ortaylı kimi bir alim yalnız elmi biliklərlə ölçülmür; o, millətin tarix kitabı, düşüncənin bələdçisi, qürurun səsi deməkdir.
NDU rəhbərliyi bütün bu mənanı, bütün bu yükü öz üzərinə götürərək Naxçıvana sadəcə qonaq yox, millətin yaddaşının canlı kitabını gətirdi.
O gün zalda toplaşan hər kəsin gözündə eyni işıq vardı: minnətdarlıq, qürur və duyğunun qarışığı. İlber Ortaylını dinləyən tələbələrin baxışında gələcək vardı; müəllimlərin üzündə təskinlik, qəlb rahatlığı vardı; yaşlı ziyalıların gözlərində isə kövrəklik, yaşla qarışıq fəxarət vardı. Çünki hər kəs bilirdi ki, bu an təkcə bir günün hadisəsi deyil – tarixlə bu gün arasında körpü salınır.
Bu tədbir bir daha göstərdi ki, Naxçıvan Dövlət Universiteti yalnız elm ocağı deyil, həm də milli düşüncənin çırağıdır. Bu dəvət, bu görüş, bu zəhmət sübut etdi ki, NDU rəhbərliyi bu torpağın tarixə olan sevgisini, elmə olan hörmətini ən ali şəkildə ifadə edə bilir. Və bir də gördük ki, millətin tarixi ilə millətin bu günü bir-birinə qovuşanda, sözlər göz yaşına çevrilir, yaddaş isə əbədiyyət qazanır. İlber Ortaylı Naxçıvana gəldi, amma əslində millətin qəlbinə köçdü. Bu tarixi anın baş tutmasında əvəzsiz zəhmət çəkən, bütün hazırlığı və diqqəti ilə tədbiri mükəmməl edən Naxçıvan Dövlət Universiteti rəhbərliyinə və hörmətli Elbrus müəllimə dərin minnətdarlığımı bildirirəm.
Mən inanıram ki, gələcək nəsillər bu tarixi sevgi ilə xatırlayacaq.