Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılış mərasimində iştirak edib.
Bugun.tv xəbər verir ki, layihə çərçivəsində “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazisində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan enerji saxlanc sistemləri yaradılıb. Bu miqyasda layihə təkcə Azərbaycanda deyil, ümumilikdə MDB məkanında ilk hesab olunur.
Mərkəzdə quraşdırılan müasir batareya sistemləri artıq enerjinin toplanmasına və pik saatlarda şəbəkəyə ötürülməsinə imkan verir. Bu isə enerji sistemində sabitliyi artırmaqla yanaşı, qəfil enerji çatışmazlıqlarının qarşısını almağa kömək edir.
Eyni zamanda, layihə bərpaolunan enerji mənbələrinin – xüsusilə günəş və külək enerjisinin enerji sisteminə daha təhlükəsiz inteqrasiyasını təmin edir. Bildirilir ki, yaxın illərdə Azərbaycanda yaşıl enerjinin payının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Yeni mərkəzin istifadəyə verilməsi ölkənin enerji infrastrukturunun modernləşdirilməsi, dayanıqlılığın artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Mənbə: prezident.az
