14 C
Baku
21 Noyabr 2024, 13:25
Baş xəbərMüsahibəSiyasət

İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

Prezident İlham Əliyev: Salam-əleyküm.

Sakinlər: Xoş gəlmisiniz. Sizi görməyimizə çox şadıq.

Şəhid bacısı: Salam, xoş gəlmisiniz.

Kişi sakin: Təbrik edirik, cənab Prezident. Var olasınız. Allaha şükür ki, Füzulidə də görüşə bildik.

Prezident İlham Əliyev: Əlbəttə. Sağ olun.

Qadın sakin: Təşəkkür edirik, Sizi xoş gördük.

Prezident İlham Əliyev: Salam. Siz də xoş gəlmisiniz.

Sakinlər: Hər şey üçün minnətdarıq. Qürurumuzsunuz.

Kişi sakin: Salam, cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.

Sakinlər: Çox sağ olun, cənab Prezident, təşəkkür edirik. Sağ olun.

Prezident İlham Əliyev: Arzu edirəm ki, Füzulidə – doğma Vətəndə rahat yaşayasınız, firavanlıq, rifah içində yaşayasınız.

Şadam ki, gənc nəsil də – füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.

İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.

Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.

Onu da bildirməliyəm ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik. Düzdür, laçınlılar füzulililərdən bir qədər tez öz doğma yurduna qayıtmışlar. Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur.

Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür.

Mən bunu dəfələrlə demişəm, indi bir çoxları bunu bilir, bir daha demək istəyirəm, Füzuli azad olunanda bir salamat bina tapa bilmədik ki, Bayrağımızı qaldıraq, bir hərbi hissədən başqa. Onun da həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə, vallah, hər bir azərbaycanlı kimi adamın ürəyi ağrıyırdı, məəttəl qalırdı, dəhşətə gəlirdi insan ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?! Axı biz ermənilərə nə etmişdik?! Biz onlarla yanbayan yaşamışdıq. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu, infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq, görünür, onların ürəyində olan o qara ləkələr idi. Biz onu bilməmişik o vaxt. Biz bir növ sadəlövh olmuşuq. Ona görə mən deyirəm, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. İnanıb ki, bu gün gələcək, biz burada durub sizinlə bu bayram gününü qeyd edəcəyik.

Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu. Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər. Məsələn, mən həm Zəngilanda, həm Laçında uşaqlarla söhbət əsnasında maraqlanırdım. Yəni, Bakıda doğulmuş, böyümüş, necə deyərlər, böyük şəhərin ab-havasına öyrəşmiş uşaq, yeniyetmə gəlib indi bir qədər uzaqda yerləşən şəhər və kənddə necə yaşayır? Onlar ürəkdən deyirdilər ki, bu, böyük xoşbəxtlikdir. Bu, o cümlədən sizin, yəni, böyük nəslin tərbiyəsidir. Çünki onlar evlərdə də, məktəblərdə də bu tərbiyəni görüblər. Ona görə məktəb və ailə bizim buraya qayıtmağımızın vacib amilidir. Çünki qoymadıq ki, gənclər unutsun. Qoymadıq ki, Qarabağ mövzusu silinsin. Halbuki bunu bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi, yəni, barışmaq lazımdır, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir.

İndi isə qalıb ki, insanlar burada rahat yaşasınlar. Onu da bildirməliyəm ki, biz bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetiririk. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır.

Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar. Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq.

Bir daha demək istəyirəm ki, biz hər zaman, onlara borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər.

Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük.

Təbrik edirəm, cansağlığı arzulayıram, uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar. Sağ olun.

x x x

Sonra dövlətimizin başçısı tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirdi, onlarla söhbət etdi.

x x x

Kişi sakin: Çox sağ olun. Allah Sizi var eləsin, cənab Prezident.

Qadın sakin: Allah Sizi qorusun, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sağ olun. Bütün kəndlərə gedəcəyik. Füzuli rayonunun artıq 5-6 kəndinin təməli də qoyulub.

Sakinlər: Çox şükür.

Kişi sakin: Cənab Prezident, ən əsası odur ki, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə sevincini bizə yaşatdınız.

Prezident İlham Əliyev: Bəli.

Sakin: Ən böyük fəxr etdiyimiz odur ki, bizim Prezidentimiz dünyada məşhurdur, onu dünya qəbul edir, dünya onun sözünü eşidir.

Prezident İlham Əliyev: Bilirsiniz, dünya belədir ki, bəziləri qəbul edir, bəziləri.

Sakin: Edə bilmir.

Prezident İlham Əliyev: Etmir. Amma əsas odur ki, biz istədiyimizi edək. Çünki biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur.

Qadın sakin: Artıq yol Zəngəzuradır.

Prezident İlham Əliyev: Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Necə ola bilər, bizim əsrlər boyu qurduğumuz məkandır. Amma bu gün.

Kişi sakin: Ruhu şad olsun, Ulu Öndər deyirdi, mən fəxr edirəm ki, azərbaycanlıyam. İndi hər bir azərbaycanlı fəxr edir ki, sözün həqiqi mənasında, biz azərbaycanlıyıq.

Prezident İlham Əliyev: Bəli, elədir.

Sakin: Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var, cənab Prezident.

Prezident İlham Əliyev: Ulu Öndər bunu deyəndə tam haqlı idi. Ancaq bilirsiniz, o vaxt işğal dövrü idi və bəziləri hesab edirdi ki, azərbaycanlılar bu işğalla barışacaq. Bəziləri belə çirkin təbliğat aparırdı xüsusilə xarici dairələrdə ki, biz bunu unutmuşuq, biz vəziyyətlə barışmışıq. O isə heç vaxt barışmırdı bu vəziyyətlə və bizə qoyduğu, necə deyərlər, bu yol da məhz azadlıq yolu idi, qurtuluş yolu idi. Ona görə biz bu tarixi Zəfəri çalandan sonra artıq bütün dünya gördü ki, O, o vaxt, o ağır dövrdə nə qədər haqlı idi.

Sakin: Uzaqgörən idi, haqlı idi.

Prezident İlham Əliyev: Bəli, bilirdi, xalqın, necə deyərlər, qəlbini, qəlbindəki bütün duyğularını bilirdi və əlbəttə ki, həm sevinirik, həm heyfsilənirik ki, O və onun kimi yüz minlərlə insan bu həyatdan getdi, bu günü görmədi.

Sakinlər: Ruhları şaddır.

Prezident İlham Əliyev: Əlbəttə, ruhları şaddır. Buna inanıram və inanmaq lazımdır, onların – həyatdan getmiş, bu günü görməmiş yüz minlərlə keçmiş köçkünün, şəhidlərimizin ruhları şaddır.

Sakin: Hörmətli Prezidentimiz, biz füzulililər üçün çox qürurvericidir ki, Qarabağın azad olunması 30 il öncə Ulu Öndərin Prezidentliyi dövründə – 1994-cü ildə Horadiz əməliyyatı ilə başlayıb.

Prezident İlham Əliyev: Bəli.

Sakin: Bizim üçün qürurvericidir ki, Böyük Qayıdışın ilk addımı da Sizin Prezidentliyə başladığınız dövrdə Horadiz qəsəbəsinin böyük şəhərə çevrilməsi, Haramıda, Zobucuqda abad qəsəbələrin inşa edilməsi sayəsində baş veribdir.

Prezident İlham Əliyev: Düzdür.

Sakin: İki il öncə biz burada – Füzulidə təməlqoyma mərasimində iştirak edəndə burada heç nə yox idi. Doğrudan da hər yan xaraba idi. İndi çox şükür, var olun, böyük, abad bir şəhərə çevrilibdir, qürurvericidir. Özü də təkcə Füzuli yox, bütün Qarabağ tikinti meydanıdır, hər yerdə yollar çəkilir, şəhərlər salınır, kəndlərin bünövrəsi qoyulur, infrastruktur layihələri icra edilir.

Prezident İlham Əliyev: Elədir.

Sakin: Cənab Prezident, nağıllarımızda Qarabağa “Cənnətməkan Qarabağ” deyirlər, Sizin sayənizdə doğrudan cənnətə çevrilir. Allah canınızı sağ eləsin, işiniz avand olsun. Biz Sizə bu böyük işdə uğurlar diləyirik.

Prezident İlham Əliyev: Çox sağ olun, indi bütün şəhərlərdə ya tikinti gedir, ya da tikintiyə hazırlıq gedir. Mən əminəm ki, gələn il Cəbrayılda şəhər günü qeyd ediləcək. Bu il qeyd edilmədi, çünki orada hələ ki, vətəndaşlar yerləşməyib. Amma gələn ilin oktyabr ayına qədər, – çünki birinci azad olunmuş şəhər Cəbrayıl olmuşdu, – oktyabrın 4-də orada da şəhər günü keçiriləcək, hər yerdə – Şuşada birinci yaşayış məhəlləsi yəqin ki, 5-6 aya hazır olacaq. Birinci qrup keçmiş köçkünlər qayıdacaq. Ağdam da böyük tikinti meydançasıdır. Bu yaxınlarda Zəngilanda olarkən orada da, Qubadlıda, Kəlbəcərdə gələn ilin sonuna qədər keçmiş köçkünlər artıq şəhərə yerləşəcəklər. Bizdə bütövlükdə 8 şəhər, 92 kənd və qəsəbə Birinci Qayıdış Planına salınıb. Onların da böyük əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatacaq. Yəni, üç ildən sonra azad edilmiş ərazilərdə minimum, – biz belə təxmin edirik, – 140 min insan yaşayacaq.

Sakin: Çox böyük göstəricidir.

Qadın sakin: Üç ildir. Amma onlar otuz ildə bir mismar belə çalmamışdılar. Bilirdilər ki, onların deyil.

Sakin: Onlar dağıdırdılar.

Prezident İlham Əliyev: Bəli, onlar nəinki, buraları dağıtmışlar, vaxtilə yaşadıqları yaşayış məntəqələrində də heç bir iş görülməyib, sovet vaxtında necə var idisə, elə də qalıb. Mən oranın hər tərəfini dəfələrlə gəzmişəm. Adam o kəndlərin vəziyyətinə baxanda, özünə sual verir ki, bəs, bunlar hər il yüz milyonlarla dollar pul yığırdılar, telemarafon düzəldirdilər, Los-Ancelesdə, Fransada, bəs, o pulları hara xərcləyiblər? Onlardan gərək soruşsunlar.

Sakin: Serjik Sarkisyanın cibindədir, Robert Köçəryan xərcləyibdir.

Prezident İlham Əliyev: Orada bir dənə də daş-daş üstə qoyulmayıb, indi yəqin ki, insanlar oraya gedib görəcəklər, elə necə var idi, dağılmış, çox bərbad vəziyyətdə.

Qadın müəllim: Cənab Prezident, bu gün – oktyabrın 17-si Füzuli bayramı – “Füzuli Şəhəri Günü” biz füzulililər üçün həqiqətən də həm sevindirici, həm də qürurverici bir gündür. Bu gün Füzulimizin – 30 il işğal altında olan, erməni vandalizminə məruz qalan gözəl Füzulimizin yenidən daha gözəl, daha müasir şəkildə qurulması həqiqətən də bizim üçün çox xoşbəxt anlardır. Artıq biz Füzuli sakiniyik, artıq burada daimi yaşayırıq və Sizi, eyni zamanda, Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin kollektivi adından salamlayırıq.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın müəllim: Mən otuz il bundan öncə 13-14 yaşlarında bir yeniyetmə məktəbli kimi çıxdığım Füzulimə bu gün müəllim kimi qayıtmışam. Buna görə, əlbəttə ki, Sizə, başda Siz Ali Baş Komandanımız olmaqla, bütün Azərbaycan Ordusuna minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Məhz onların qanı-canı bahasına, – özünüz gözəl dediyiniz kimi, – qazilərimizin şücaəti bahasına biz bu gün öz doğma yurdumuzdayıq. Buna görə bir daha Sizə cansağlığı, uzun, sağlam ömür arzu edirik, Allah Sizi və Ordumuzu qorusun!

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Cənab Prezident, bu gün Siz çıxışınıza bayram əhvali-ruhiyyəsi ilə başladınız. Çünki 2023-cü il Azərbaycanda bayramlar ilidir. Birincisi, “Heydər Əliyev İli” elan olunması, bununla bağlı respublikanın bütün regionlarında keçirilən tədbirlər, Heydər Əliyev irsinin öyrənilməsi və gənclərə öyrədilməsi bir bayram əhvali-ruhiyyəsidir. İkincisi, Azərbaycan xalqının dəstəyi ilə Sizin apardığınız 20 illik ardıcıl siyasətin bu gün hesabat günüdür. Hesabatdan hər şey görünür, hər şey bilinir. Sizin apardığınız siyasətin ən kulminasiya nöqtəsi erməni separatizminin belini qırmağınızdır. Bütün dünya ermənilərinə “dəmir yumruğu” göstərdiniz ki, yadınızda saxlayın, hamınızın beli burada qırılar Azərbaycanda başqa bir şey olsa. Artıq bu gün yoldaşlar dedilər, biz iki il bundan qabaq Sizinlə burada görüşəndə, binanın təməli qoyulanda biz deyirdik ki, yəqin bir on ilə burada bir bina tikilər-tikilməz. Ancaq bu gün bu binalar tikilib. Bu, bizim üçün çox qürurvericidir. Artıq Füzulidə yenidənqurma işlərinə, quruculuq işlərinə böyük start verilib. Biz bayaqdan camaatla söhbət edirik, deyirik ki, bu quruculuq işləri kosmik sürətlə gedir, Allah xalqımızı xatadan-bəladan uzaq eləsin, Sizə cansağlığı versin.

Sakinlər: Amin.

Sakin: Biz Sizin ətrafınızda çox sıx birləşmişik. Biz Sizin apardığınız siyasəti dəstəkləyirik. Füzulidə bugünkü bayram – “Füzuli Şəhəri Günü” münasibətilə biz Füzuli camaatı adından Sizi təbrik edirik və Sizin apardığınız siyasətdə uğurlar arzu edirik. Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bu gün Füzulidə, Qarabağın digər bölgələrində və Şərqi Zəngəzurda yerləşən şəhərlərdə gedən işlər, doğrudan da genişmiqyaslı işlərdir. Bunun mənbəyi də Azərbaycan mənbəyidir, yəni, biz heç kimdən bir manat kömək istəməmişik. Sağ olsun özbək qardaşlarımız gözəl məktəb tikdirdilər və qazax qardaşlarımız da indi Yaradıcılıq Mərkəzini inşa edirlər. Ondan başqa bizə bir dənə də mismar da hədiyyə edilməyib.

Biz bu illər ərzində həm iqtisadiyyatı qurduq, həm ehtiyatlar yığdıq. Nə üçün? Bilirdik ki, bu gün gələcək, o vəsait bizə lazım olacaq və biz haraya xərcləyirdik – orduya. Birinci yerdə ordu xərcləridir, ikinci təhsil xərcləridir. Həmişə bizim büdcəmizdə, bu iki əsas prioritet var idi. İndi ordu xərclərinə biz yenə də vəsait ayırmalıyıq. Çünki yumruq daim yerində olmalıdır. Ancaq, eyni zamanda, indi vəsaitin əsas hissəsi Qarabağın bərpasına gedir.

Ona görə heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik. Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər, o da icazə versin, verməsin. Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq.

Sakin: Özlərini ifşa edirlər.

Prezident İlham Əliyev: İfşa edirlər, əlbəttə, biabır edirlər özlərini. Ona görə biz indi öz yolumuza davam edəcəyik. Yenə də deyirəm, biz bütün doğma torpaqlarımızı yenidən quracağıq. Buradan o dağlara baxanda belə bir gözəl mənzərə açılır, kənd təsərrüfatı üçün çox yaxşı imkanlar var. Yəqin ki, ilin sonunda Köndələnçay su anbarları artıq istifadəyə veriləcək. İki gün əvvəl Sərsəng su anbarının üstündə idim. Onu da atam o vaxt inşa etdirib.

Sakinlər: Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah ölənlərinizə rəhmət eləsin. İnşa etdirib ki, yüz min hektar sahə, altı rayon – azərbaycanlıların yaşadıqları rayonlar su ilə təmin edilsin. Amma ermənilər nə etdilər, suyumuzu kəsdilər. Qışda açırdı ki, bütün yeri su bassın, yayda kəsirdi. Bax, erməni xisləti budur. Onu görsünlər, bu gün onların yanında yer alanlar, qoy görsünlər onlar nə ediblər. Biz indi bir kanal çəkmişik, ikinci sağ kanal da çəkiləcək, yəqin ki, maksimum ilyarım ərzində. Biz 100 min hektar torpağa su verəcəyik. İndi suyumuza da sahib olduq. Bizim su mənbələrimizin 25 faizi Qarabağ və Kəlbəcər-Laçın zonasında formalaşır. İndi Köndələnçay qayıtdı, Sərsəng, Suqovuşan qayıtdı, Xaçınçay qayıtdı, Həkəri suyu, indi Zabuxçay su anbarı inşa edilir, bir ilə hazır olacaq.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Bəli, suvarma ilə bağlı başqa layihələr də icra edilir. Onsuz da burada torpaqlar münbitdir.

Sakin: Çox bərəkətlidir.

Prezident İlham Əliyev: Bərəkətlidir, özü də Füzuli torpağı xüsusilə. Amma su olandan sonra bura cənnət olacaq, gülüstan olacaq.

Sakinlər: İnşallah. Allah Sizi var eləsin. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, Vətən üçün üç oğul böyütdüm. Böyük oğlum Nicat Zalov Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanıb. Kiçik oğlum Fəqan Zalov 44 gün yaralı olaraq döyüşdü, müharibənin qurtarmasına saatlar qalmış Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Sakin: Cənab Prezident, mən Sizə dərin təşəkkürümü bildirirəm ki, mənim oğullarımın şücaətini, qəhrəmanlığını yüksək qiymətləndirmisiniz. Bir də cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm, biz şəhid ailələrinə diqqət və qayğı göstərdiyinizə görə çox sağ olun, minnətdaram. Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun. Salamat qalın.

Sakinlər: Sağ olun.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Baş nazir Modi Putinə Ukrayna səfəri barədə məlumat verdi

Aynur Camal

Cəlilabad sakini arvadını baltalayıb – YENİLƏNİB

Nigar Məmmədova

“Ermənistan artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu