Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bugun.tv– xəbər verir ki, görüşdə Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bildirilib ki, bank ölkədə enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə mühüm layihələrin icrasında iştirak edir.
Qeyd olunub ki, bu günədək Azərbaycanda 20-yə yaxın dövlət və özəl layihənin həyata keçirilməsi üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
Görüş zamanı bu ilin iyun ayında Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupu İllik Görüşlər 2026-ə hazırlıq məsələləri də müzakirə olunub.
Məhəmməd Əl-Casir səfər çərçivəsində Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirib.
Mənbə: prezident.az
