Bu gün İlham Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.
Görüş zamanı Mixay Popşoi Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə təşəkkürünü bildirərək onun da salamlarının Moldova Prezidentinə çatdırılmasını xahiş edib.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Maya Sandu ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladıb.
Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını bildirib və bu məsələdə Azərbaycanın yanında olduqlarını vurğulayıb. O, hücum zamanı xəsarət alanlara tezliklə şəfa diləyib.
Qonaq xalqlar arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edərək Moldovanın çətin günlərində Azərbaycanın göstərdiyi dəstəyi hər zaman xatırladıqlarını və bunu yüksək qiymətləndirdiklərini bildirib.
Prezident İlham Əliyev nümayiş etdirilən mövqeyə görə təşəkkür edib.
Görüşdə Azərbaycanın və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb. Həmçinin siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: prezident.az
