Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Dövlət bayramı- Rusiya Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç, Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.
Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı, 10 iyun 2025-ci il”.
Mənbə: Prezident.az