7 C
Baku
28 Yanvar 2026, 23:01
Baş xəbər

İlham Əliyev sərəncam imzaladı

Bugun.Tv-xəbər verir ki, böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün Sərəncamış imzalayıb.

Sərəncamda deyilir: “2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.

Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 yanvar 2026-cı il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Politoloq: “Azərbaycan əleyhinə kampaniyalarda türk xalqlarından istifadə olunur”

Aynur Camal

ABŞ-ın hərbi gəmi qrupu Orta Şərqə daxil oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu