Bugun.tv– xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərini açıqlayıb. Qaliblər sırasında Azərbaycan Prezidenti İlham Əliyevin də yer alması ölkəmizin beynəlxalq nüfuzunun daha bir göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, bu barədə məlumatı deputat Vüqar Bayramov öz sosial media hesabında paylaşım edib.
Deputat vurğulayıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” 2019-cu ildən etibarən təqdim olunur. Mükafatın təsis olunması 4 fevral 2019-cu ildə Əbu-Dabidə Əl-Əzhərin Böyük İmamı Əhməd Əl-Tayyib və Roma Papası Fransisk arasında keçirilmiş tarixi görüş və imzalanmış “İnsan Qardaşlığı Sənədi” ilə bağlıdır. Həmin il hər iki dini lider mükafatın fəxri laureatları seçilib.
Bu nüfuzlu mükafat qlobal miqyasda sülhün, əməkdaşlığın və insan rifahının yaxşılaşdırılmasına töhfə verən liderlərə təqdim olunur. Müxtəlif illərdə BMT-nin baş katibi Antonio Quterreş, Roma Papası Fransisk kimi tanınmış simalar da bu mükafata layiq görülüblər.
Həmçinin Vüqar Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin mükafata layiq görülməsi onun regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı ardıcıl addımlarla bağlıdır. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış anlaşma regionda dayanıqlı sülh və sabitlik üçün yeni mərhələnin əsasını qoyub. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmiz regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.
“Beynəlxalq aləmdə Prezident İlham Əliyevə göstərilən yüksək etimad, o cümlədən ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən ona Ağ Evin rəmzi açarının təqdim olunması dövlət başçımızın liderlik nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Bu gün bir çox ölkənin Azərbaycanla daha dərin əməkdaşlıqda maraqlı olması Prezident İlham Əliyevin qlobal lider kimi qəbul edildiyini bir daha təsdiqləyir” deyə millət vəkili vurğulayıb.
