Bu gün mobil telefon vasitəsilə saniyələr içində foto çəkmək adi haldır. Lakin təxminən 200 il əvvəl cəmi bir görüntünü əldə etmək üçün saatlarla gözləmək lazım gəlirdi. Fotoqrafiyanın tarixi isə fransız ixtiraçı Joseph Nicéphore Niépce (Jozef Nisefor Nieps) ilə başlayır. Tarixdə qorunub saxlanılan ilk uğurlu fotoşəkil 1826 və ya 1827-ci ildə Nieps tərəfindən çəkilib. O, Fransadakı evinin pəncərəsindən görünən mənzərəni qalay örtüklü metal lövhə üzərində işığa həssas bitum maddəsinin köməyi ilə qeydə alıb. Sonradan “View from the Window at Le Gras” (“Le Qra pəncərəsindən görünüş”) adlandırılan bu görüntü bu gün dünyanın ilk fotoşəkili hesab olunur.

Maraqlıdır ki, həmin dövrdə bir fotoşəklin çəkilməsi üçün günəş işığının lövhəyə təxminən səkkiz saat təsir etməsi lazım idi. Bəzi tədqiqatçılar bu müddətin daha uzun olduğunu da bildirirlər. Uzun ekspozisiya səbəbindən günəş gün ərzində hərəkət etdiyindən binaların müxtəlif tərəfləri eyni anda işıqlı görünür.

“View from the Window at Le Gras” (“Le Qra pəncərəsindən görünüş”)
Nieps bir neçə il sonra fransız rəssamı və ixtiraçısı Louis Daguerre (Lui Dager) ilə əməkdaşlığa başladı. Niepsin vəfatından sonra Dager araşdırmaları davam etdirərək 1839-cu ildə daqerotip adlanan yeni fotoqrafiya üsulunu təqdim etdi. Bu üsul daha aydın təsvir əldə etməyə və ekspozisiya müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. Elə buna görə də 1839-cu il fotoqrafiyanın rəsmi doğum ili hesab olunur. Sonrakı illərdə fotoqrafiya sürətlə inkişaf edərək şüşə lövhələrdən fotolentlərə, daha sonra rəqəmsal kameralara və smartfonlara qədər böyük bir təkamül yolu keçdi. Hazırda dünyada hər gün milyardlarla foto çəkilir və paylaşılır. Mütəxəssislərin fikrincə, iki əsr əvvəl çəkilən həmin sadə mənzərə təkcə ilk fotoşəkil deyil, həm də müasir vizual kommunikasiya dövrünün başlanğıcı sayılır. Bu gün istifadə etdiyimiz bütün foto və kamera texnologiyalarının təməlində məhz Joseph Nicéphore Niépce və Louis Daguerre-in apardığı araşdırmalar dayanır.


