Yaponiyada keçirilən erkən parlament seçkilərinin nəticələrinə əsasən, Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) müharibədən sonrakı dövrün ən böyük seçki qələbəsini əldə edib.
Yaponiyanın dövlət televiziyası NHK-nin sandıq nəticələrinə əsasən yaydığı məlumata görə, LDP parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 465 yerdən 316 mandat qazanıb. Beləliklə partiya əvvəlki 198 mandatını ciddi şəkildə artıraraq, parlamentdə üçdə iki çoxluq həddini (310 mandat) keçib.
Bu nəticə LDP-ni İkinci Dünya müharibəsindən sonra Yaponiyada bu səviyyədə qələbə qazanan ilk siyasi qüvvə edib.
Partiyanın koalisiya tərəfdaşı olan Nippon Ishin (JIP) isə mandat sayını 36-ya çatdırıb.
Mütəxəssislər bildirirlər ki, aşağı palatada üçdə iki çoxluğun əldə edilməsi qanun layihələrinin daha rahat qəbuluna və hətta Konstitusiya dəyişiklikləri ilə bağlı prosesin sürətlənməsinə yol aça bilər. Bununla yanaşı, LDP-nin parlamentin yuxarı palatasında hələ də tam çoxluğa sahib olmadığı qeyd olunur.
Müxalifət tarixi məğlubiyyət yaşadı
Seçkilərdə əsas müxalif qüvvə olan Konstitusiyalı Demokrat Partiya (CDP) və onun liderliyində yaradılan ittifaq mandat sayını 172-dən 49-a endirərək ciddi məğlubiyyətlə üzləşib. Müxalifət liderlərinin bir qismi nəticələrdən sonra istefa siqnalları verib.
Seçki qələbəsindən sonra çıxış edən Baş nazir Takaiçi bildirib ki, seçicilərə verilən vədlərin yerinə yetirilməsi böyük məsuliyyət tələb edir. O, kabinetdə geniş dəyişiklik etmədən mövcud tərkibi qoruyacağını və Konstitusiya dəyişikliyi məsələsinin parlamentdə müzakirəyə çıxarılmasını istədiyini vurğulayıb.
Takaiçi kimdir?
64 yaşlı Sanae Takaiçi Yaponiyanın tarixində ilk qadın baş nazir kimi tanınır. 1984-cü ildə Kobe Universitetini bitirən Takaiçi daha sonra ABŞ Konqresində çalışıb və bir müddət televiziya aparıcısı kimi fəaliyyət göstərib.
1993-cü ildə siyasətə daxil olan Takaiçi illər ərzində müxtəlif nazirlk vəzifələrində çalışıb, daxili işlər və kommunikasiya naziri olub və 30 ildən artıq siyasi karyerasında 10 dəfə parlamentə seçilib.
Mənbə: TrtHaber
