Bugun.tv xəbər verir ki, Space One tərəfindən həyata keçirilən ilk kommersiya yapon raketinin buraxılışı uğursuz olub. Raket buraxıldıqdan bir neçə saniyə sonra partlayıb.
Raket parçaları buraxılış meydançasının yanındakı dağlara düşüb. Canlı yayımda onların yıxılan bölgəsində qalın tüstü sütunu ilə birlikdə böyük yanğın baş verdiyi göstərilib. Uğursuzluğun səbəbi hazırda məlum deyil.
Raket Yer səthinin müşahidəsi üçün 100 kq-lıq hökumət peyki daşıyıb. Müvəffəqiyyətli olsaydı, bu, tamamilə özəl Yapon şirkəti tərəfindən həyata keçirilən ilk peyk buraxılışı olardı.
“Kairos” raketinin uzunluğu 18 metr, çəkisi isə təxminən 23 ton olub. Qərargahı Tokioda olan Space One 2018-ci ildən onun layihələndirilməsi ilə məşğuldur. Şirkət həmçinin Vakayama prefekturasında özünün buraxılış meydançasını da tikib.
Bundan əvvəl Yaponiyanın iqtisadi təhlükəsizlik üzrə məsul naziri Sanae Takaichi bildirmişdi ki, Yaponiya 2030-cu illərin birinci yarısına qədər ildə 30 raket buraxılışı rəqəminə çatmaq istəyir ki, bura kommersiya buraxılışları da daxildir.
Müxbir Qaytən Qasımzadə
Mənbə tass