Azərbaycanlı xanımlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdi. Gəlin gətirilərkən onun başına ağ örpək örtmək, arabasının qabağına, ya da mindirildiyi atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq azərbaycanlıların milli adətlərinindən sayılır. Niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kiməsə pay vermək kimi adətlərimiz indi də mövcuddur. Kəlağayını Azərbaycanda vaxtilə yeni qurulan ailənin təməli hesab edirdilər. Belə ki, kəlağayını oğlana bağışlayan qız ona olan eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Yaxud da elçilik mərasimində oğlan tərəfdən olan qadınlardan biri nişan üzüyünü qırmızı kəlağayıya bürünmüş şəkildə qız evinə təqdim edərdi.
1862-ci ildə Londonda keçirilən ümumdünya sərgisində iştirak edən və mükafatlandırılan azərbaycanlı Basqallı toxucu Nəsir Abduləziz oğlu Londondan qayıdanda demişdi:
“İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində yarmarkadakı sərgidə hamısını aldılar. Qaldım mat-məttəl baxa-baxa. Gərək çox aparaydım”.
1902-ci ildə Tiflisdə çağırılmış Qafqaz kustar sənayesi işçilərinin 1-ci qurultayına aid sənəddə yazılmışdı:
“Azərbaycanlı kəlağayı ustalarının hamısı təhsilsiz olsalar da, sənətkarlıqda öz avropalı həmkarlarını geridə qoyurlar. Onların hazırladıqları məmulat öz bədiiliyi və yaraşığı ilə adamı heyran edir. Avropada işlədilən maşınlar və başqa dəzgahlar burada yoxdur. Onların hazırladıqları məhsul gərgin işin və bacarıqlı əllərin bəhrəsidir”.
Kələğayıdakı naxışların müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Kələğayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya bu dünyadan daha rəngli və mürəkkəbdir.
Azərbaycanlı xanimi 1905 ci il.
Mənbə: Facebook