Birləşmiş Krallıqın Tehran şəhərində yerləşən səfirliyi “regional risklər və təhlükəsizlik vəziyyəti” səbəbilə müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan yenilənmiş məlumatda İranın bütün ərazisinə səfər etməmək tövsiyə olunub.
Bildirilib ki, artan regional risklər fonunda səfirliyin əməkdaşları müvəqqəti olaraq ölkədən çıxarılıb və konsulluq xidmətləri məsafədən göstərilir.
Açıqlamada qeyd olunub ki, bölgədə gərginliyin daha da artacağı təqdirdə əlavə səfər məhdudiyyətləri tətbiq oluna bilər. Bu səbəbdən Britaniya vətəndaşlarına zəruri təhlükəsizlik tədbirləri görmək tövsiyə edilib.
İranda olan Britaniya vətəndaşlarına Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlıqları üzrə elektron məktublarına abunə olmaq, yerli medianı izləmək, hərbi obyektlərdən uzaq durmaq, ölkəni tərk etmə planlarını yenidən nəzərdən keçirmək və sığınacaq imkanlarını dəyərləndirmək tövsiyə olunub.
Qeyd edək ki, İngiltərənin Tehrandakı səfirliyi bundan əvvəl də yanvar ayında İranda baş verən etiraz aksiyaları səbəbilə müvəqqəti bağlanmış, əməkdaşlar ölkədən çıxarılmışdı.
Mənbə: TrtHaber
