“Nəhayət ki, yeni islahatların bəhrəsini görürük. İKT sektorunda qanunvericiliyin təkminləşməsi, vahid siyasətin formalaşması və tədbiqi, beynəlxalq təcrübədən keçmiş yanaşmaların ölkəmizdə gün işığı görməyə başlaması yerli şirkətlərin dövlətə olan inamını artırır”.
Bugun.tv xəbər verir ki, bu fikri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib.
E. Abbasov bildirib ki, “Bir iş, bir şirkət” modeli anlayışı bütün ekosistemin maraqlı oyunçularını hər zaman incidib. Artıq yeni dövr başlayıb və dövlətin İKT üzrə yeni siyasəti bütün tərəflərin maraqlarını qoruyur. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “Elektron sənəd dövriyyəsi” sistemlərinin inteqrasiyası üçün vahid şlüzün hazırlanması istiqamətində görüş keçirilib. Bu görüşdəki yeni yanaşma tərəfi odur ki, dövlət özü bazara məhsul çıxartmır, bazardakı şirkətlərin məhsullarını daha da effektiv hala gətirəcək və gücləndirəcək yanaşma tədbiq edib. İstifadə edilən mövcud “Elektron Sənəd Dövriyyəsi” sistemlərindən asılı olmayaraq, dövlət qurumları arasında maneəsiz əlaqəni asanlaşdıran yeni həll təqdim edilib.
“Bu yanaşma əslində bütün istiqamətlər üçün ölkədə vahid siyasətə çevrilməlidir. Dövlət qurumlarının bazara məhsul çıxartması beynalxalq təcrübədə tam da qəbul olunan deyil, bunun əvəzinə dövlət ekosistemi dəstəkləyir, bu isə öz özlüyündə güclü və təcrübəli yerli şirkətlərin formalaşmasını təmin edir. İRİA-nın hazırki yanaşması həm dövlət sektorunu, həm də özəl sektorun maraqlarını qoruyacaq. Hesab edirəm ki, bu yanaşma bütün sahələr üzrə HR, Maliyyə, Ödəmə sistemləri və bütün digər istiqamətlərdə tədbiq edilməlidir, dövlət ancaq şlüz yaradaraq standartlar tədbiq etməlidir. Ekosistemin güclənməsi şirkətlərin maraqlarının qorunması və İKT mühitimizin yerli və xarici şirkətlərə cazib hala gəlməsi üçün tək yol budur. Bu yanaşma həm də dövlət büdcəsinə qənaət etdirəcək”,- E. Abbasov vurğulayıb.