Bugun.tv Elm və təhsil nazirliyindən əldə etdiyi məlumata görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə İnsan Resursları və İdarəetmə Forumu keçirilib.
Forum ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və peşəkar idarəçilik yoluna həsr olunub.
Forumun məqsədi ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə ümumi mövzuları müzakirə etmək olub.
Forumda əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş etdirilib.
AİİM-in təqdimatından sonra tədbirin açılış sessiyasında elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər.
Nazir Azərbaycanda istedadlar və onların müəyyən edilməsindən danışıb. O bildirib ki, insanı dəyişdirən onun mühitidir. Dünyada bəlli bir sayda istedadlı insanlar doğulur, həmin şəxsləri tapmaq və vaxtında inkişafına nail olmaq lazımdır.
Uşaq üçün ən yaxşı inkişaf dövrünün 3 yaşına qədərki müddət olduğunu xatırladan nazir çıxışında qeyd edib: “Hər bir uşağın normal uşaqlığı təmin olunmalıdır. Ailə, ev, məktəb, ətraf bu işdə mühüm rol oynayır. Fundament çox vacibdir. Bu müddətdə bizim görmədiyimiz proses – ciddi beyin inkişafı gedir və bu, uşağın ətraf mühiti ilə bağlıdır. Həmin dövrdə olan uşağı inkişaf etdirmək üçün ciddi maliyyəyə ehtiyac yoxdur. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Hər bir valideyn uşağı ilə oynasa, ona həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla pul xərclənəcək layihələrdən daha effektiv olar. Bundan sonra isə təhsil və cəmiyyət-ailə-mühit bloku gəlir. Biri daha çox bacarıqlar, digəri isə dəyərlərlə bağlıdır”. Forum digər çıxışlarla davam etdirilib.
Qeyd edək ki, forum çərçivəsində AİİM ilə “Pozitum” Konsultasiya, Təlim və Kouçinq Mərkəzi arasında birgə təlimlərin keçirilməsinə dair əməkdaşlıq memorandumu imzalanıb.
Forumda 10 xarici və 6 yerli ekspertin iştirakı ilə panel müzakirələr təşkil olunub. Müzakirələrdə idarəetmənin ən son trendləri və müasir dövrün tələblərindən danışılacaq, innovativ yanaşma və qlobal səriştələrə çağırışlar edilib.
Ümumilikdə forumda 300-dən çox dövlət və özəl müəssisələrdə çalışan işgüzar şəxslər, insan resursları üzrə peşəkarlar, mütəxəssis və idarəçilərdən ibarət 500-ə yaxın şəxs iştirak edib.
Mənbə: Elm və təhsil nazirliyi