İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, İlham Əliyev və Antonio Costanın bu gün mətbuata verdiyi bəyanatlar Azərbaycan ilə Avropa arasında iqtisadi və enerji əməkdaşlığının əhəmiyyətini bir daha göstərir.
Deputat bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2025-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 43 milyard 830 milyon dollar təşkil edib və bunun 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi Avropa İttifaqı ölkələrinə yönəlib. Xarici ticarət dövriyyəsinin təxminən dörddə biri isə ittifaqa üzv olan İtaliyanın payına düşür.
Deputat əlavə edib ki, Azərbaycanın enerji ixracında da Avropa mühüm yer tutur. İllik 25,2 milyard kubmetr qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir.
“Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrdən 10-nun Avropa İttifaqının üzvü olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin gücləndiyini göstərir”, – deyə deputat vurğulayıb.
Vüqar Bayramov bildirib ki, son 5 ildə Azərbaycan Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edib və hazırda ölkəmiz Avropa İttifaqına qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Onun sözlərinə görə, Azərbaycan qazı artıq yalnız Mərkəzi və Şərqi Avropa deyil, Qərbi Avropa bazarına da daxil olmağa başlayıb.
Deputatın sözlərinə görə, yaxın illərdə Azərbaycanın bərpa olunan enerji potensialı da Avropa bazarına çıxarılacaq. Bu çərçivədə Gürcüstan ərazisi və Qara dənizin dibi ilə çəkiləcək enerji xətti vasitəsilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin 2027-ci ildən sonra Avropa İttifaqına ixracı nəzərdə tutulur.
Vüqar Bayramov həmçinin qeyd edib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika körpüsü rolunu oynayır. Regional nəqliyyat dəhlizlərinin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə ölkə üzərindən daşınan yüklərin həcmi daha da artacaq.
Deputatın fikrincə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və keçirilən müzakirələr ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmləndiyini göstərir.
