“Bu gün New Baku Hotel-də ümumrespublika üzrə məktəblilər arasında keçirilən İqtisadiyyat Müsabiqəsi 2025-in yekun mükafatlandırma mərasimi təşkil olunub. Bu müsabiqə ölkə üzrə minlərlə şagirdi əhatə edən və gənclər arasında iqtisadi maarifləndirmə məqsədi daşıyan önəmli bir təşəbbüsdür.
Layihənin əsas məqsədi məktəblilər arasında iqtisadi biliklərin təbliği, analitik və tənqidi təfəkkürün inkişafı, gənclərin iqtisadi savadlılığının artırılması və onların gələcəkdə iqtisadçı kimi formalaşmalarına dəstək göstərməkdir”.
Bugun.tv xəbər verir ki, bu barədə məlumatı millət vəkili Vüqar Bayramov öz sosial media hesabında verib.
Tədbirdə Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi Vüqar Bayramovla bərabər Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Müşfiq Cəfərov, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu iştirak ediblər. Çıxış edən bu qonaqlar gənclərə dəstək mesajları verməklə yanaşı iqtisadi təhsil və savadlılığın məktəb yaşından formalaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbir zamanı layihənin statistik nəticələri və müsabiqənin mərhələləri barədə təqdimat keçirildi. Müsabiqə məktəb, regional və milli mərhələləri əhatə etmiş, sonda isə yazılı və şifahi imtahanlar vasitəsilə Top 5 və Top 10 finalistlər müəyyən edilmişdi.
Yunanıstanda beynəlxalq final turunda iştirak edəcək Top 5 və ölkə üzrə Top 10 qaliblər mərasim zamanı rəsmi şəkildə elan olundu, qalib şagirdlərə elektron hədiyyələr və təşəkkür sertifikatları təqdim olundu. Həmçinin bütün iştirakçılara təşəkkür bildirildi və onların iqtisadi biliklərə maraqları yüksək qiymətləndirildi.
Bu təşəbbüs gənclərdə iqtisadi biliklərə marağı artırmaqla yanaşı, onların tənqidi düşünmə və qərarvermə bacarıqlarını formalaşdırmağa xidmət edir. İqtisadiyyat Müsabiqəsi gələcək illərdə daha geniş miqyasda təşkil olunaraq daha çox məktəbi və şagirdi əhatə etməyi hədəfləyir.