İran hakimiyyəti ABŞ tərəfindən təqdim olunan atəşkəs planını qəbul etmədiyini açıqlayıb.
Məlumata görə, yüksək vəzifəli iranlı rəsmi bildirib ki, Tehran vasitəçilərə danışıqların yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra bərpa olunacağını çatdırıb. ABŞ-ın təklif etdiyi plan isə “həddindən artıq və reallıqdan uzaq” kimi qiymətləndirilib.
İran tərəfi atəşkəs üçün bir sıra şərtlər irəli sürüb. Bunlara hərbi əməliyyatların tam dayandırılması, ölkəyə qarşı hücumların təkrarlanmayacağına dair zəmanətlərin verilməsi, müharibə nəticəsində dəyən zərərin ödənilməsi və regionda bütün cəbhələr üzrə münaqişənin sona çatdırılması daxildir. Bundan əlavə, İran Hörmüz boğazı üzərində suveren hüquqlarının beynəlxalq səviyyədə tanınmasını tələb edir.
Rəsmi qeyd edib ki, bu şərtlər yerinə yetirilmədiyi müddətdə İranın “müdafiə əməliyyatları” davam edəcək. O vurğulayıb ki, müharibənin nə vaxt bitəcəyinə Tehran qərar verəcək.
Xatırladaq ki, ABŞ daha əvvəl 15 maddədən ibarət plan təqdim etmişdi. Həmin plan yüksək zənginləşdirilmiş uranın məhdudlaşdırılması, BMT yoxlamalarının artırılması və ballistik raket proqramına məhdudiyyətləri nəzərdə tuturdu.
Mənbə: mail.ru
