Bugun.tv xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” kimi tanıdığını açıqlayıb.
Nazirliyin noyabrın 11-də yaydığı yazılı bəyanatda qərarın qarşılıqlı tədbir prinsipi əsasında qəbul edildiyi bildirilib. Tehran bu addımı Argentinanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terror təşkilatı” elan etməsinə cavab olaraq atıb.
İran tərəfi SEPAH-ın ölkənin rəsmi silahlı qüvvələrinin tərkib hissəsi olduğunu vurğulayaraq, Argentinanın qərarını beynəlxalq hüququn əsas prinsiplərinə zidd hesab edib. Tehran öz mövqeyini 2019-cu ildə qəbul edilmiş, ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsinə qarşı mübarizə tədbirlərini nəzərdə tutan qanunla əsaslandırıb.
İran Xarici İşlər Nazirliyi bu qərardan irəli gələcək nəticələrə görə məsuliyyətin Argentina hökumətinin üzərinə düşəcəyini də bəyan edib.
Qeyd edək ki, İranın qərarı Argentinanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinə aiddir. Ölkənin quru qoşunları ilə bağlı belə bir qərar açıqlanmayıb.
Mənbə: TRT Haber
