“İranda dərinləşən iqtisadi böhran və kütləvi etirazlar ölkəni ciddi siyasi seçim qarşısında qoyub”.
Bu barədə şərhini sosial media hesabında paylaşan politoloq Aqil Məmmədovun açıqlamasına görə, hiperinflyasiya, subsidiya siyasətinin iflası və sərt kəmərsıxma tədbirləri etirazları təkcə sosial deyil, artıq siyasi müstəviyə çıxarıb.
Aksiyalara ticarətçilər, tələbələr və təqaüdçülər də qoşulub. Bu şəraitdə əsas sual ölkənin vahid dövlət kimi islahat yolu ilə davam edib-etməyəcəyi, yoxsa xaotik ssenariyə sürüklənəcəyidir.
Məqalədə hazırkı prezident Məsud Pezeşkian legitim və praqmatik islahatçı kimi təqdim olunur. Onun köklü struktur islahatlarına hazır olması, region ölkələri – xüsusilə Azərbaycan və Türkiyə ilə konstruktiv münasibətlər qurması, eləcə də Moskva və Pekinlə dialoq imkanları İranın sabitliyinin qorunması baxımından mühüm faktor sayılır. Politoloq vurğulayır ki, Pezeşkianın hakimiyyətdə qalması separatçı və etnik risklərin neytrallaşdırılması üçün ən real variantdır.
Əks qütbdə isə sürgündə olan Rza Pəhləvinin hakimiyyətə dönüş ssenarisi təhlükəli qiymətləndirilir. Aqil Məmmədova görə, bu yol İranın “livanlaşması”, yəni mərkəzi hakimiyyətin zəifləməsi və etnik qarşıdurmaların dərinləşməsi ilə nəticələnə bilər.
Nəticə etibarilə, politoloq İran üçün yeganə rasional çıxış yolunun Pezeşkianın rəhbərliyi altında mərhələli islahatlar və vahid dövlət modelinin qorunması olduğunu bildirir; bunun regionun ümumi geosiyasi sabitliyi üçün də həlledici əhəmiyyət daşıdığını vurğulayır.

