İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubayda ABŞ hərbçilərinin toplandığı ərazilərdən birinə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb.
SEPAH tərəfindən yayılan bəyanatda bildirilib ki, hücum Dubay şəhərində ABŞ hərbçilərinin toplaşdığı nöqtələrdən birinə kamikadze tipli PUA-larla həyata keçirilib.
Sahədən yayılan ilkin məlumatlara görə, hədəf alınan ərazidə 160-dan çox ABŞ Hərbi Dəniz Qüvvələri əməkdaşının olduğu iddia edilir. Məlumatda ən azı 40 ABŞ hərbçisinin öldüyü, 70 nəfərin isə yaralandığı bildirilir. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Regionda gərginlik artır
Xatırladaq ki, İsrail və ABŞ İranla danışıqların davam etdiyi bir vaxtda fevralın 28-də Tehrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə cavab olaraq İsrail hədəfləri ilə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdə müəyyən edilmiş obyektlərə zərbələr endirib.
Məlumata görə, ABŞ–İsrail hücumları nəticəsində İranın ali dini lideri Əli Xamenei və bir sıra yüksək rütbəli rəsmilər həlak olub.
İran Qızıl Aypara Cəmiyyəti isə ölkəyə qarşı həyata keçirilən bombardmanlar nəticəsində 555 nəfərin öldüyünü, 700 dən çox nəfərin yaralandığını açıqlayıb.
Hazırda tərəflər arasında qarşıdurma davam edir və regionda təhlükəsizlik vəziyyəti olduqca gərgin olaraq qalır.
Mənbə: TrtHaber
