İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İngiltərə, Almaniya və Fransa ilə E3 adlı nüvə müzakirələrinin davam etdirilməsinə razılaşdıqlarını açıqlayıb.
Bekayi Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmi və regional hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
ABŞ və Rusiya liderləri arasında keçirilən danışıqlarda İranın nüvə məsələsinin də müzakirə edilib-edilməməsi ilə bağlı suala Bekayi, “ABŞ və Rusiya arasında bu mövzuda danışıqların olması təbiidir, amma önəmli olan odur ki, İranın nüvə məsələsində ediləcək hər şey İranın fikrini almadan edilməyəcək və rus dostlarımız mütləq bizimlə məsləhətləşəcəklər” deyib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran və ABŞ arasında vasitəçilik edəcəyi ilə bağlı iddialara gəlincə, Bekayi, “Bu məsələlərin əhəmiyyətini nəzərə alaraq, bir çox tərəf problemlərin gündəmə gətirilməsinə kömək etməyə hazır olduqlarını ifadə edə bilər. Ona görə də bu baxımdan ölkələrin vasitəçilik təklif etməsi təbiidir” deyə qiymətləndirməsini edib.
İranın sözçüsü ABŞ-ın sanksiyalarını davam etdirməsini İrana qarşı düşmən münasibətinin davam etməsinin əlaməti kimi qəbul etdiklərini bildirib.
Nüvə razılaşmasının Avropa tərəfləri olan İngiltərə, Almaniya və Fransa ilə nüvə müzakirələri prosesi ilə bağlı sualı cavablandıran Bekayi, “Bu danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə edildi. Hazırda danışıqların yeni mərhələsi ilə bağlı məsləhətləşmələr aparırıq. Biz və üç Avropa ölkəsi danışıqların zəruri olduğuna inanırıq” dedi.
Türkiyə ilə əlaqələrə də toxunan Bekayi, “Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət veririk. Münasibətlərdə ortaq maraqların olduğunun fərqindəyik. Sirr deyil ki, Türkiyə ilə uzun müddətdir fikir ayrılıqları var, lakin hər iki tərəf bu fərqlilikləri çox məntiqli şəkildə, ikitərəfli münasibətlərə xələl gətirmədən idarə edə bildi” deyib.
İsrailin Suriyadakı hücumları ilə bağlı sualı cavablandıran Bekayi, “Bizim fikrimizcə, Suriyanın ərazi bütövlüyünü pozacaq hər hansı bir hərəkət qətiyyən qəbuledilməzdir. Bu məsələ bölgədəki bütün ölkələr tərəfindən nəzərə alınmalı və rejimin təhlükəsizliksizliyi yaymaq üçün sui-qəsdlərini irəlilətməsinə icazə verilməməlidir” deyə bildirib.
Mənbə: HurriYet