ABŞ və İsrail ilə İran arasında gərginliyin artması qlobal neft bazarına təsir edib. Neftin qiyməti kəskin yüksəlib.
Hürmüz boğazı vasitəsilə neft daşımalarının dayana biləcəyi ilə bağlı narahatlıq artıb. Bu səbəbdən bir barel neftin qiyməti 110 dolları keçib. Dünya birjalarında isə ciddi eniş qeydə alınıb.
İran bazar günü hücumlar zamanı həlak olan dini lider Əli Xameneyinin yerinə onun oğlu Müctəba Xameneyini yeni ali dini lider təyin edib. Bu qərar ölkədə sərt xətt tərəfdarlarının hakimiyyətdə qaldığını göstərir.
Həftəsonu İranın müxtəlif bölgələrində yeni hava zərbələri endirilib. Hücumlar neft anbarlarını da hədəfə alıb. Bu vəziyyət qlobal enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
Bazar ertəsi səhər Asiya bazarlarında Brent markalı neftin qiyməti 24 faiz artaraq 114,74 dollara yüksəlib. ABŞ-ın yüngül nefti isə 26 faizdən çox bahalaşıb. Onun qiyməti 114,78 dollar olub.
Asiya birjalarında kəskin eniş
- Bölgədə artan gərginlik Asiya-Sakit okean fond bazarlarına mənfi təsir göstərib.
- Yaponiyanın Nikkei 225 indeksi 7 faizdən çox ucuzlaşıb.
- Honq-Konqda Hang Seng indeksi 3 faiz düşüb.
- Avstraliyada ASX 200 indeksi 4 faizdən çox geriləyib.
- Cənubi Koreyada Kospi indeksinin 8 faizdən artıq enməsi səbəbilə ticarət dayandırılıb. “Devre kesici” adlanan mexanizm panik satışların qarşısını almaq üçün tətbiq edilir.
Hürmüz boğazında isə gəmi hərəkəti azalıb
Dünya üzrə neft tədarükünün təxminən beşdə biri Hürmüz boğazından keçir. Müharibə başlayandan sonra burada gəmi hərəkəti demək olar ki, dayanıb.
Analitiklər bildirirlər ki, vəziyyət martın sonuna qədər davam edərsə, neftin qiyməti 150 dollara çata bilər.
İqtisadçı Adnan Mazarei deyib ki, neft qiymətlərindəki artım gözlənilən idi. Onun sözlərinə görə, bazar iştirakçıları münaqişənin tez bitəcəyinə inanmır.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, qiymət artımı İranın nüvə təhlükəsini aradan qaldırmaq üçün ödənilən “kiçik bir bədəldir”.
ABŞ-ın Energetika naziri isə qeyd edib ki, yanacaq qiymətlərinin artması narahatlıq yaradır. Lakin İranın enerji infrastrukturu əsasən İsrail tərəfindən hədəfə alınır.
Mənbə: TRT Haber
