Siyasi ekspert Məhəmməd Əsədullazadə İran ətrafında baş verən proseslərlə bağlı sosial media hesabında paylaşım edib.
Ekspertin fikrincə, regionda yaranan vəziyyət İran üçün ciddi təhlükələr yaradır və ölkə hərbi-siyasi baxımdan çətin mərhələyə daxil olub. Onun sözlərinə görə, İranın hərbi-siyasi elitası regionda baş verən hadisələrdən nəticə çıxarmayıb.
“İranın hərbi-siyasi elitası ‘gözü çıxmış qardaşından’ dərs götürmədi. Səddam Hüseyn dövründə İraqın və Bəşər Əsəd hakimiyyəti dövründə Suriyada baş verənlər Tehran üçün dərs olmalı idi”, – deyə o qeyd edib.
Siyasi şərhçi bildirib ki, İranın xarici siyasəti uzun illərdir qonşu ölkələr və beynəlxalq birliklə ziddiyyət təşkil edib. Onun fikrincə, ABŞ-ın hərbi potensialı və siyasətinin nəticələri düzgün təhlil olunmayıb.
Ekspert həmçinin bildirib ki, hazırda İran ağır bombardmanlara məruz qalır və buna baxmayaraq SEPAH döyüşəcəyini bəyan edir.
Paylaşımda regiondakı kürd qüvvələrinin də proseslərdə istifadə oluna biləcəyi ehtimalına toxunan Əsədullazadə bildirib ki, keçmişdə kürd silahlı qrupları müxtəlif güclər tərəfindən istifadə edilib. O qeyd edib ki, Türkiyəyə qarşı uzun illər fəaliyyət göstərən PKK və Suriyada fəaliyyət göstərən YPG nümunələri buna misal ola bilər.
Siyasi ekspert hesab edir ki, İranda kürdlərin silahlı qarşıdurmaya cəlb olunması ciddi nəticələrə gətirib çıxara bilər.

