İran Xarici İşlər Nazirliyi ölkənin yeni ali rəhbəri Möctəba Xameneinin yaralandığını təsdiqləyib.
Nazirliyin sözçüsü Esmail Bəqai İtaliyanın Corriere della Sera nəşrinə açıqlamasında bildirib ki, Möctəba Xamenei hazırda özünü yaxşı hiss edir. Bununla yanaşı, onun xalqa müraciətinin nə vaxt baş tutacağı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Sözçünün sözlərinə görə, ölkənin yeni ali rəhbəri postu üçün üç-dörd namizəd irəli sürülüb. Buna baxmayaraq, İran Ekspertlər Şurası üzvlərinin əksəriyyəti Möctəba Xameneinin namizədliyini dəstəkləyib.
Bundan əvvəl The New York Times nəşri mənbələrə istinadən yazmışdı ki, Möctəba Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hücumlarının ilk günündə yaralanıb. Bildirilirdi ki, onun bir müddət ictimaiyyət qarşısına çıxmamasının səbəbi həm bu yaralanma, həm də təhlükəsizlik məsələləri ilə bağlıdır.
Məlumata görə, ali rəhbərin yarası yüngüldür və o, fəaliyyətini davam etdirir. Ehtimal olunur ki, yaralanma ayaq nahiyəsindədir.
Mənbə: mail.ru
