İran yaxın həftələr ərzində Çindən istehsal olunan 300–400 ədəd daşına bilən hava hücumundan müdafiə raket sistemi (MANPADS) almağa hazırlaşır. Bu barədə müqavilə ilə tanış olan üç mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, dəyəri 60–70 milyon dollar arasında qiymətləndirilən müqavilə çərçivəsində İrana QW-12 və FN-16 tipli çiyinlə atılan zenit-raket kompleksləri tədarük ediləcək. Bildirilir ki, bu, İranın ABŞ və İsraillə son hərbi qarşıdurmadan sonra yaxın mənzilli hava hücumundan müdafiəsini gücləndirmək üçün atdığı ən böyük addımlardan biridir.
Reuters yazır ki, müqavilə Honkonqda yerləşən Zhongqing Baoshang International Investment şirkəti ilə imzalanıb. Mənbələrin sözlərinə görə, şirkət İran tərəfi ilə Çin istehsalçıları arasında vasitəçi kimi çıxış edir.
Çinin Xarici İşlər Nazirliyi isə yayılan məlumatları təkzib edib. Rəsmi Pekin bildirib ki, bu iddialar “tamamilə əsassızdır” və Çin münaqişələrin həlli və sülhün təşviqi mövqeyinə sadiq qalır.
Mənbələrin bildirdiyinə görə, raket sistemlərinin ilkin mərhələdə Çinin Urumçi şəhərindən daşınaraq Pakistan üzərindən İrana çatdırılması planlaşdırılır. Bununla yanaşı, Pakistan ordusu ölkəsinin bu tədarükdə iştirak etməsi barədə iddiaları qəti şəkildə rədd edib.
Hərbi analitiklər hesab edirlər ki, QW-12 və FN-16 sistemləri aşağı hündürlükdə uçan təyyarələrə, helikopterlərə və pilotsuz uçuş aparatlarına qarşı qısa mənzilli müdafiə üçün nəzərdə tutulub. Onların yüksək mobilliyi strateji obyektlərin və enerji infrastrukturunun operativ şəkildə qorunmasına imkan verir.
Reuters qeyd edir ki, müqavilə imzalansa da, çatdırılma tarixləri, tədarük ediləcək sistemlərin sayı və digər texniki detallar hələ də dəyişə bilər.
Mənbə: Reuters
