Politoloq Aqil Məmmədov İran ətrafında baş verən hadisələrlə bağlı sosial media hesabında paylaşım edib.
O bildirib ki, Türkiyə mediasında İran ətrafında baş verən proseslərə yaxın zamanda PKK terror təşkilatı və onun qollarının qoşula biləcəyi ilə bağlı xəbərlər yayılır. Politoloq ümid etdiyini bildirib ki, bu proqnozlar özünü doğrultmayacaq.
Aqil Məmmədovun sözlərinə görə, əgər PKK və onun qolu olan PJAK İran daxilində silahlı hücumlara başlasa, bu, yalnız İran ordusu üçün yeni cəbhə demək olmayacaq, eyni zamanda ölkə daxilində milli və etnik zəmində qarşıdurmaların yaranmasına səbəb ola bilər.
Politoloq qeyd edib ki, hadisələrin milli qarşıdurma formasına keçməsi təkcə İranın ərazi bütövlüyü üçün təhlükə yaratmayacaq. Onun fikrincə, belə bir ssenari bütövlükdə Qafqaz, eləcə də Azərbaycan və Türkiyə üçün ciddi risklər formalaşdıra bilər.
Aqil Məmmədov əlavə edib ki, mümkün qarşıdurma zamanı İranda yaşayan azərbaycanlılara qarşı terror dalğasının başlaması riski xüsusilə Türkiyə ilə həmsərhəd ərazilərdə daha yüksək ola bilər. O bildirib ki, belə bir vəziyyət yaranarsa, Türkiyə həm öz milli təhlükəsizliyini təmin etmək, həm də həmin ərazilərdə yaşayan azərbaycanlıları qorumaq üçün PKK və PJAK-a qarşı əməliyyatlara başlaya bilər.
Politoloq sonda vurğulayıb ki, hazırda İran çox həssas və kövrək mərhələdən keçir.
