Politoloq Aqil Məmmədov sosial media hesabında İran daxilində genişlənən etiraz dalğası və bunun Azərbaycanla Qafqaz regionuna mümkün təsirləri ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə, hazırda İranda etirazlar 26 əyaləti və 78 şəhəri əhatə edir və proses getdikcə daha kəskin xarakter alır. Dini liderin etirazçıları “qiyamçı” adlandırması və sərt tədbirlərə yaşıl işıq yandırması vəziyyətin nəzarətdən çıxmaq üzrə olduğuna işarədir. Politoloq hesab edir ki, hökumətin güc tətbiq etməsi etirazları səngitmək əvəzinə qarşıdurmanın miqyasını daha da genişləndirə bilər.
Aqil Məmmədov vurğulayır ki, İran kimi qonşu dövlətdə xaosun yaranması həm Azərbaycan, həm də Qafqaz regionu üçün ciddi birbaşa və dolayı risklər formalaşdırır. Onun fikrincə, bəzi dairələr yaranmış vəziyyətdən istifadə edərək İraq və Suriya ssenarilərinə bənzər prosesləri işə sala bilərlər. Bu isə İranda uzunmüddətli qeyri-sabitliyə və kütləvi miqrasiyaya səbəb ola bilər. Belə bir halda Azərbaycanın əsas miqrasiya istiqamətlərindən biri olacağı istisna deyil. Bu proses həm sosial-iqtisadi infrastruktura əlavə yük yarada, həm də radikal qrupların sərhədi keçməsi kimi təhlükəsizlik risklərini gündəmə gətirə bilər.
Politoloq diqqətə çatdırır ki, qonşu ölkədə gərginliyin artması regional iqtisadi layihələrə də mənfi təsir göstərəcək. Xüsusilə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində planlaşdırılan Rəşt–Astara dəmir yolu layihəsinin icra müddəti yenidən uzana bilər. Etirazların uzunmüddətli xarakter alması bu strateji layihənin başlanmasını qeyri-müəyyən vaxta qədər təxirə sala bilər.
Paylaşımda Naxçıvan iqtisadiyyatına mümkün təsirlər də xüsusi vurğulanır. Aqil Məmmədov qeyd edir ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında ticarət əsasən İran üzərindən həyata keçirilir. Bu yolun qısa müddətə belə bağlanması muxtar respublikanı ciddi iqtisadi itkilərlə üz-üzə qoya bilər. Türkiyə üzərindən alternativ marşrut mövcud olsa da, bu yolun uzunluğu və yüksək logistika xərcləri problemi tam həll etmir. Zəngəzur dəhlizi isə hazırda bağlıdır və təhlükəsizlik baxımından alternativ sayılmır; ən yaxşı halda 2027-ci ildə açılması mümkündür.
Politoloqun fikrincə, digər mühüm risk İran–Azərbaycan sərhədində narkotrafikin artması ehtimalıdır. Daxildə nəzarətin zəifləməsi qaçaqmalçıların fəallaşmasına şərait yarada bilər ki, bu da Azərbaycan sərhədçilərinin və xüsusi xidmət orqanlarının iş yükünü artıracaq, əlavə resursların cəlb olunmasını zəruri edəcək.
Aqil Məmmədov həmçinin Cənubi Azərbaycanda yaşayan azərbaycanlı soydaşların təhlükəsizliyi məsələsinə diqqət çəkir. Urmiya gölünün quruması fonunda sosial-iqtisadi gərginliyin artması əhalinin daxili miqrasiyasını sürətləndirib. Boşalan ərazilərdə isə xüsusilə Türkiyə ilə sərhəd zonalarda PJAK tərəfdarlarının fəallaşması müşahidə olunur. Politoloq hesab edir ki, İranda vəziyyət tam nəzarətdən çıxarsa, bu, PJAK-ın silahlı şəkildə aktivləşməsinə və geniş ərazilərdə azərbaycanlıların ciddi təhlükə ilə üzləşməsinə səbəb ola bilər.
Sonda Aqil Məmmədov vurğulayır ki, İran daxilində baş verən proseslər rəsmi Bakı və Ankara tərəfindən diqqətlə izlənməli, mümkün bütün ssenarilərə qarşı əvvəlcədən hazırlıq görülməlidir.
