“İPhone 14” və “15” model telefonların İranda rəsmi qeydiyyata alınmaması 900 milyon dollara yaxın xarici valyutanın ölkədən qeyri-qanuni çıxmasına səbəb olub. Qadağa davam etdikcə, gələn il bu zərərin 1,3 milyard dollara yüksələcəyi gözlənilir.
İranda iPhone mobil telefonlarının idxalına qadağa qoyulub
İdxal qadağası səbəbiylə ortaya çıxan qaçaqmalçılıq üsullarından ölkənin təxminən 900 milyon dollar zərər çəkdiyi bildirilib.
İranın Mobil Telefon İxracatçıları Assosiasiyasının prezidenti Əbdülmehdi Əsədi İran Tələbələr Xəbər Agentliyinə (İSNA) verdiyi açıqlamada iPhone 14 və 15 model telefonların rəsmi qeydiyyata alınmamasının ölkəyə yüz milyonlarla dollar zərər vurduğunu bildirib.
Prezident Məsud Pezeşkiyan tərəfindən qurulan yeni hökumət qadağanı aradan qaldırmasa, gələn il bu itkilərin 1,3 milyard dollara yüksələcəyi barədə xəbərdarlıq edən Əsədi deyib:
Son iki ildə iPhone idxalına qadağa qoyulması nəinki ölkənin valyuta ehtiyatlarını idarə etmək kimi məqsədlərə nail ola bilmədi, həm də təxminən 900 milyon dollarlıq valyutanın ölkədən qeyri-qanuni çıxmasına səbəb oldu.
Esedi onu da bildirdi ki, Rabitə Nazirliyi və Sənaye Nazirliyi qadağanın aradan qaldırılması istiqamətində iş aparır.
Apple öz məhsullarının İranda satışını qadağan etsə də və ölkədə rəsmi nümayəndəsi olmasa da, bu markanın telefonları iranlılar arasında ən populyar telefonlardan biri olmaqda davam edir.
Qeyri-rəsmi məlumatlara görə, İranın cib telefonu idxalının üçdə birindən çoxu “iPhone” smartfonlarından ibarətdir, “iPhone 14” və “15” model mobil telefonların ölkəyə idxalı və qeydiyyatı isə qadağandır.
Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)