İraq və Rusiya arasında enerji, neft, səhiyyə, dəniz nəqliyyatı, rabitə və ticarət sahələrində anlaşma memorandumu imzalanıb. Rusiyanın energetika naziri Sergey Tsivlev paytaxt Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Görüşdən sonra iki ölkə arasında enerji, səhiyyə, dəniz nəqliyyatı, rabitə, neft və ticarət sahələrində anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində iki nazir də iştirak edib.
İraqın xarici işlər naziri Hüseyn mətbuat konfransında “Rusiya ilə əlaqələrimiz hər sahədə yaxşı və uzun bir tarixə malikdir. Rusiya tərəfi ilə dəniz nəqliyyatı, səhiyyə, neft və bir çox başqa sahələrdə anlaşma memorandumu imzaladıq” deyib.
Hüseyn Rusiya ilə danışıqların nəticələrinin tezliklə konkret olaraq ortaya çıxacağını bildirib.
Rusiyanın ən böyük neft şirkətlərinin İraqa sərmayə qoyduğunu və bu sahədə 19 milyard dollarlıq sərmayənin olduğunu qeyd edən İraq xarici işlər naziri Rusiya neft şirkətlərinin Kut, Bəsrə və Nasiriyə kimi müxtəlif bölgələrdəki işindən razı qaldıqlarını dilə gətirib.
Hüseyn Rusiya şirkətlərinin İraq Kürd Regional Rəhbərliyində (KRG) fəaliyyət göstərdiyini də vurğulayaraq, “Danışıqların bir qismi KRG-dəki neftin Türkiyəyə ixracı ilə bağlı idi” deyib.
Rusiya naziri Tsivlev də İraqla bütün sahələrdə əlaqələri gücləndirməyə çalışdıqlarını bəyan edib.
“Biz bütün sahələrdə böyük maraq gördük və İraqa birgə işlərinə görə təşəkkür edirik”, – Tsivlev bildirib.
Mənbə: HaberGlobal