Bugun.tv-nin araşdırmasına görə, işəgötürən sahibkarlar istehsalatda baş verən bədbəxt hadisələrə və işçilərin peşə xəstəliyinə məruz qalmasına görə məsuliyyət daşıyırlar. Bu səbəbdən təhlükəsiz əmək mühafizəsini təmin etmək onların üzərinə düşür. Sığorta üzrə ekspertlər işçilərin başına gələ biləcək hadisələri nəzərə alaraq, “işəgötürənin məsuliyyət sığortası”nı almağınızı tövsiyə edirlər.
Bu sığorta növü işçilərin əmək vəzifəsini yerinə yetirərkən aldığı xəsarət nəticəsində həyat, sağlamlıq və əmlakına dəyən zərərin ödənilməsini təmin edir. Sığortaçı işçinin həlak olması halında, ailə üzvləri sığortalıya qarşı iddia qaldırarsa məhkəmə xərclərini ödəmək öhdəliyini üzərinə götürür. Tərəflər arasında müqavilə bağlanarkən sığorta riskləri öncədən müəyyən olunur.
Sığorta üzrə ekspert Araz Əlaslanlının sözlərinə görə, bu ilk növbədə əmək müqaviləsi ilə çalışan işçilərə, daha sonra isə istehsalatda təcrübə proqramı keçən tələbələrə və mülki müqavilə əsasında fəaliyyət göstərən fiziki şəxslərə şamil olunur. “İşəgötürənin məsuliyyət sığortası işçilərin hər hansı bədən xəsarəti alması, donması, boğulması, yuxarı mərtəbədən yıxılması və digər hallarda yaranan öhdəliklərə aiddir. Bu sığorta növü hüquqi şəxslərə şamil olunduğu üçün burada Azərbaycan Respublikası daxilində əsasən, nümayəndəlik kimi fəaliyyət göstərən xarici ölkələr daha çox müraciət edirlər.
Müsahibimiz qeyd edir ki, bu sığorta növü üzrə tarif və təminat məbləğləri fərqlidir. “Bu sığorta növü üzrə tarif və təminat məbləğləri şirkətin fəaliyyət növündən, əmək haqqı fondundan, neft və yaxud qeyri-neft sektorundan asılı olaraq qiymətlər dəyişə bilir. Bir də orda verilən məsuliyyət məbləğlərindən çox şey asılıdır. Məsələn, bir şirkətin əmək haqqı fondu ilə digərininki fərqli olduğu üçün artıq məsuliyyət, təminat məbləğləri də fərqli olur. Ona görə də, qiymətlər dəyişə bilir. Onu da deyim ki, qanunvericiliyə görə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta növü mövcuddur. Burada hansısa bir işçinin başına gələ biləcək ölüm və yaxud əlillik dərəcəsi almaq halında artıq işəgötürən tərəfindən işçisi sığortalanmış sayılır və o təminat altında olur. Lakin bizim danışdığımız sığort növü işçi elektrik cərəyanına məruz qalarsa, ciddi bədən xəsarəti alarsa, əlillik dərəcəsi düşməsə belə, həmin işçiyə müavinətin verilməsini təmin edir”.
Sığortalı hadisə baş verdiyi zaman 3 gün ərzində sığorta şirkətinə və səlahiyyətli dövlət orqanlarına bu haqda bildirməlidir. Bundan başqa hadisənin səbəbini, zərər və ziyanın miqdarını müəyyən etmək üçün lazım olan məlumat və sənədləri təhvil verməlidir.