Hazırda bir çox idarə, təşkilat və müəssisələrdə vətəndaşların iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı hallara rast gəlinir.
Bugun.tv-nin araşdırmasına görə, qanunla işçi yalnız təbii fəaləkətin, istehsalat qəzasının və digər fövqaladə hadisələrin aradan qaldırılması ilə bağlı əlavə işə cəlb edilə bilər. Lakin bəzən işəgötürən zəruriyyət səbəbindən digər hallara görə də işçinin əlavə iş görməsini tələb edir. Ancaq qarşılığında əmək haqqı ödəmək istəmir. Bu isə əmək qanunvericiliyinin əsas prinsiplərinin və işçilərin hüquqularının pozulması deməkdir.
Hüquqşünas Əli Verdiyevin sözlərinə görə, Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, istirahət, səsvermə, bayram və ümümxalq hüzn günlərində görülən işə görə işçiyə əlavə əmək haqqının ödənilməsi mütləqdir. İşəgötürən yalnız müstəsna hallarda işçini vaxtından artıq müddətdə əməyə cəlb edə blər. Bu zaman isə hər iki tərəfin razılığının olması vacibdir.
“İşçi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümümxalq hüzn günündə işə cəlb edildikdə əməyin ödənilməsi qaydası müəyyən olunur. Qanunda göstərilir ki, bu əməyin vaxta muzd ödənilməsi sistemində gündəlik tarif maaşının iki misli aşağı olmamaqla ödənilir. Bundan başqa, aylıq maaşla işləyən işçilərdə aylıq iş normasından artıq vaxtda iş yerinə yetirilərsə, o zaman gündəlik vəzifə maaşı məbləğindən iki qat aşağı olmamaqla ödəniş olunur”.
Əmək Məcəlləsinə əsasən, işçi əlavə işlədiyi günlərin əvəzində verilən əməkhaqqının yerinə istirahət günü tələb edə bilər. Bu həm də növbəli iş rejimində çalışan işçilərə də şamil olunur. İşəgötürən bu qanunlara əməl etməsə işçinin məhkəməyə müraciət etmək hüququ var.
“Bu məsələlər qanun çərçivəsində müəssisənin rəhbərliyi ilə danışıqlar qaydasında həll olunmalıdı. Əgər bu effekt verməsə, təbii ki, hər bir vətəndaş öz pozulmuş hüquqularını məhkəmə yolu ilə bərpa edə bilər. Əmək Məcəlləsinin 95-ci maddəsində iş vaxtının rejimi müəyyənləşir. Orada iş vaxtının rejimi qaydaları, yəni bura aiddir gündəlik iş vaxtının müddəti, başlanması və qurtarması, eyni zamanda, fasilələrin müddəti, vaxtı, növbəlilik rejimi, buna aid sənədlərin tərtib edilməsi tərtib olunub. Bu kimi məsələlər müəssisə daxili intizam qaydaları və ya əmək müqaviləsi, eləcə də, kollektiv müqavilə ilə tənzimlənir”,- Ə.Verdiyev bildirib.
Şəxs ardıcıl iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan artıq əlavə işlərə cəlb edilə bilməz. Bununla yanaşı hamilə və 3 yaşına çatmayan uşağı olan qadınlarla yanaşı, 18 yaşdan aşağı şəxslərin iş vaxtından əlavə işə cəlb edilməsi yolverilməzdir.
Müxbir: Qaytən Qasımzadə