Fələstinə dəstək məqsədilə təxminən bir aya yaxındır İspaniyanın paytaxtı Madriddəki Complutense Universitetinin kampusunda çadır qurub gecələyən tələbələr bu gün yol bağlama aksiyası keçiriblər.
Təxminən 100-ə yaxın universitet tələbəsi Madrid şəhər mərkəzində kampusdan keçən yola çadırlarını daşıyaraq yolu bağlayıb, nəqliyyatı 2 saat dayandırıb.
Xəbərdarlıqdan sonra polis nümayişçilərə müdaxilə edərək, dinc şəkildə etiraz edən və onlara müqavimət göstərməyən tələbələri bir-bir yoldan uzaqlaşdırıb.
“Yaşasın Fələstin” mahnısını birlikdə oxuyan və əl-ələ tutaraq insan zənciri yaradan tələbələrə ətrafa toplaşan dostları da alqışlarla dəstək olub.
Polisin fövqəladə tədbir gördüyü aksiya dincliklə başa çatıb.
“İsrailin soyqırımı və etnik təmizləməsinə son qoyulmalıdır”
Tələbələr Uriol və Fatimə, “Biz sülh və dialoqun bərqərar olmasını istəyirik. İsrailin soyqırımı və etnik təmizləməsinə son qoyulmalıdır. Hücumları dayandırılmalıdır” deyib.
İspan tələbələr Almaniya, Fransa və ABŞ kimi bəzi ölkələrdə Fələstinə dəstək verən universitet tələbələrinə qarşı zorakılıq tətbiq etdikləri üçün polisi tənqid edərək, “Bu ölkələr polisin etdiyi müdaxilələrlə demokratiyalarının yalnız sözdə olduğunu göstərdi və fikirlərini sərbəst ifadə edən və ədalətli işi müdafiə edən tələbələrə qarşı heç bir dözümlülük nümayiş etdirmədiklərini” deyib.
Tələbələr İspaniyanın baş naziri Pedro Sançesin onları dəstəklədiyini, Fələstin davasının arxasında İspaniya hökumətinin olduğunu, lakin İsraili dayandırmaq üçün daha çox addım gözlədiklərini bildiriblər.
Xatırladaq ki, Kolumbiya Universitetində Fələstinə dəstək verən tələbələr məktəb rəhbərliyinin İsrailin Qəzzada hücumlarını və işğalını dəstəkləyən şirkətlərə davam edən maliyyə sərmayələrinə etiraz etmək üçün aprelin ortalarında şəhərcik bağçasında oturaq etiraz aksiyasına başlayıblar.
Kolumbiya Universitetindəki nümayişlər 7 oktyabr 2023-cü il tarixindən sonra ABŞ-da universitetlərdə fələstinli tələbələrə qarşı başlayan “ifadə azadlığı” məhdudiyyətləri ilə bağlı müzakirələri qızışdırsa da, ölkə daxilində digər universitetlərə də yayılan nümayişlərdə təxminən 3 min adam saxlanılıb.
ABŞ-dakı nümayişlər daha sonra qlobal xarakter aldı, sürətlə Avropa və dünyanın universitetlərinə yayıldı.
Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) hücumları dayandırmaq qərarına baxmayaraq, İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinə qurudan hücumlarını genişləndirməkdə davam edir.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 586 fələstinli həlak olub, 83 min 74 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mənbə: TrtHaber