İsrail tərəfi İranın mövcud vəziyyətə baxmayaraq geri çəkilmək niyyətində olmadığını düşünür.
Məlumata görə, ABŞ-ın Qüdsdəki səfirliyinin yaydığı sənəddə İsrailin qiymətləndirməsinə əsasən, İran “sonadək döyüşməyə hazırdır”.
Məlumat The Washington Post nəşrinə istinadən yayılıb. Bildirilir ki, İsrail rəhbərliyi fevral ayında ölkənin ali lideri Əli Xameneinin öldürülməsindən sonra Tehranda ciddi daxili qarışıqlıq gözləyib. Lakin son hadisələr İran hakimiyyətinin sabitliyini qoruduğunu göstərir.
Sənəddə qeyd olunur ki, İran hələ də raket imkanlarını saxlayır və müxtəlif hədəflərə zərbə endirmək qabiliyyətindədir. Bu isə ABŞ administrasiyasının münaqişənin gedişi ilə bağlı bəzi hesablamalarının tam uyğun olmadığını ortaya qoyur.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları artıq üçüncü həftəsinə daxil olub. Tərəflər qarşılıqlı hücumları davam etdirir və regionda gərginlik yüksək səviyyədə qalır.
Ekspertlər hesab edir ki, mövcud vəziyyət danışıqlar perspektivini zəiflədir və qarşıdurmanın daha da uzanmasına səbəb ola bilər.
Mənbə: mail.ru
