Bugun.tv xəbər verir ki, İsrail mediası qeyd edib ki, İsraildə təhlükəsizlik qüvvələri blokadada olan Qəzza zolağına qarşı quru əməliyyatı keçirməyə hazırlaşır. İsrailin “Kanal 14” televiziyasının internet saytında yer alan xəbərdə İsrail təhlükəsizlik qüvvələrinin Qəzza zolağına qurudan girməyə hazırlaşdığı, lakin siyasi səviyyədə təsdiq gözlədiyi bildirilib. “Quru əməliyyatı təsdiqlənərsə, İsrail qüvvələri orada (Qəzzada) daha bir neçə ay qalmağa hazırdır” deyən xəbərdə, “Ordunun hazırkı mərhələdə açıq hədəfi Qəzza zolağının tərksilah edilməsidir” ifadəsi əlavə edilib. qiymətləndirmə aparılıb.
TRT Haber-in məlumatına görə, Kanal 14 televiziyasının saytında yayılan xəbərlə bağlı İsrail rəsmi orqanları hələlik açıqlama verməyib. Digər tərəfdən İsrail Ordusundan verilən açıqlamada Hərbi Hava Qüvvələrinin HƏMAS və İslami Cihad hərəkatlarına aid nöqtələrə 6 min bomba atdığı və Qəzza zolağında geniş miqyaslı hava hücumları təşkil etdiyi qeyd edilib. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin həyatını itirdiyi, 3300 israillinin isə yaralandığı bildirilib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 500-ü uşaq, 276-sı qadın olmaqla 1537 nəfərin həyatını itirdiyini, 6612 nəfərin isə yaralandığını açıqlayıb. İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 36 fələstinlinin öldüyü, 650 nəfərin yaralandığı da bildirilib.
Müxbir: İntizar Əmirova