İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən bir sıra yaşayış məntəqələrinə hücum ediləcəyi barədə xəbərdarlıq edib.
İsrail ordusunun ərəb dilli sözçüsü Avichay Adraee sosial media hesabında paylaşım edərək Livanın cənubunda yerləşən bir neçə yaşayış məntəqəsinin sakinlərini ərazini dərhal tərk etməyə çağırıb.
Açıqlamaya görə, Sur şəhərinə bağlı Yater, Kalilə, Cibal əl-Batm, Mecdel Zun və Hanniye qəsəbələri, həmçinin Bint Cubeyl bölgəsində yerləşən Kefra yaşayış məntəqəsi mümkün hücumların hədəfi kimi göstərilib.
İsrail tərəfi həmin ərazilərdə yaşayan sakinlərə evlərini dərhal tərk edərək Litani çayının şimalına doğru hərəkət etməyi tövsiyə edib.
Sözcü bildirib ki, planlaşdırılan hücumların əsas hədəfinin Livanda fəaliyyət göstərən Hizbullah qruplaşmasına məxsus hərbi obyektlər, texnika və digər infrastruktur olduğu iddia edilir.
Qeyd edək ki, son günlər İsrail ilə Hizbullah arasında qarşıdurma kəskinləşib. Bölgədə artan hərbi əməliyyatlar səbəbindən Livanın cənubunda minlərlə insanın evlərini tərk etdiyi bildirilir.
Beynəlxalq müşahidəçilər isə xəbərdarlıq edir ki, qarşıdurmanın genişlənməsi Yaxın Şərqdə humanitar vəziyyəti daha da ağırlaşdıra və yeni köç dalğasına səbəb ola bilər.
Mənbə: TrtHaber
