Livanın rəsmi Milli Xəbər Agentliyi NNA (Livan Milli Xəbər Agentliyi) İsrail ordusunun ölkənin cənub bölgələrinə fosfor bombaları ilə hücum etdiyini iddia edib.
Məlumata görə, hücumlar Livanın cənubunda yerləşən Deyr Siryan, Kantara, Taybe, Yahmer eş-Şakif, Zavtar, Furun əl-Qanduriyyə və Burc Kalavay kimi yaşayış məntəqələrini əhatə edib. Bildirilir ki, İsrail qüvvələri həmin ərazilərə fosfor mərmiləri ilə zərbələr endirib.
Eyni zamanda bölgədə İsrailə məxsus Apache helikopterlərinin müşahidə edildiyi, bəzi hərbi toqquşmaların davam etdiyi qeyd olunur.
Digər tərəfdən, Hizbullah tərəfindən yayılan açıqlamada İsrailin şimalındakı mövqelərə və Livanın cənubundakı İsrail hərbi birliklərinə qarşı ümumilikdə 40-dan çox hücum həyata keçirildiyi bildirilib. Həmçinin bəzi İsrail tanklarının vurulduğu iddia edilib.
Misir XİN rəhbəri Badr Abdelatty isə açıqlamasında İsrailin Livana hücumlarını kəskin şəkildə pisləyib və gərginliyin azaldılması üçün beynəlxalq səviyyədə diplomatik səylərin davam etdiyini bildirib.
O, həmçinin Livanın suverenliyinin qorunmasının vacibliyini vurğulayaraq, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrasına çağırıb.
Mənbə: Anadolu Agentliyi
