İsrailin şimalında yerləşən Hayfa şəhərində neft və neft-kimya obyektlərinin yerləşdiyi ərazidə partlayışlar baş verib. Hadisənin İranın raket hücumlarından sonra baş verdiyi bildirilir.
İsrail mətbuatında yayılan xəbərlərə əsasən, Hayfa limanı ətrafındakı neft emalı zavodunun zərər gördüyü barədə məlumatların yayılmasına hərbi senzura tərəfindən icazə verilib. Hadisə yerindən yayılan görüntülərdə ərazidən qalın qara tüstünün yüksəldiyi müşahidə olunub.
Yerli televiziya kanalları şəhərdə raket düşməsi faktının qeydə alındığını, əraziyə dərhal təhlükəsizlik qüvvələri və tibbi briqadaların cəlb edildiyini bildirib. İsrailin təcili yardım xidməti ilkin məlumatlara görə, hadisə nəticəsində ölənlərin olmadığını açıqlayıb.
Hücumdan sonra ölkənin müxtəlif bölgələrində, o cümlədən Tel-Əviv və Şərqi Qüdsdə hava hücumu siqnalları səsləndirilib. Sakinlərə mobil telefonlar vasitəsilə xəbərdarlıq mesajları göndərilərək sığınacaqlarda qalmaq tövsiyə olunub.
Bundan əlavə, partlayışdan sonra Hayfanın bəzi ərazilərində qısa müddətli elektrik kəsintilərinin yaşandığı bildirilib.
Mənbə: Ensonhaber
