Təl-Əvivdə açıqlama verən RIA Novostinin yaydığı məlumata görə, İsrailin müdafiə naziri İsrael Kats İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın məqsədlərini açıqlayıb.
Nazir İsrail-ABŞ hücumunu “miqyasına, dəqiqliyinə və gücünə görə misli görünməmiş” adlandırıb.
Onun sözlərinə görə, əməliyyat İran rejiminin imkanlarını məhv etməyə, İsrailin arxa cəbhəsini və regiondakı ABŞ qüvvələrini qorumağa, Tehranın nüvə silahı proqramına və genişmiqyaslı raket istehsalına qayıdışının qarşısını almağa yönəlib.
Kats əlavə edib ki, əməliyyat həmçinin “İran xalqının ölkədə hakimiyyət dəyişikliyi üçün hərəkət etməsinə şərait yaratmaq” məqsədi daşıyır.
Məlumata görə, ABŞ və İsrail şənbə günü İran ərazisində, o cümlədən Tehranda obyektlərə zərbələr endirməyə başlayıb. Hücumlar nəticəsində dağıntılar və mülki itkilər barədə xəbərlər yayılıb. İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərq regionundakı ABŞ hərbi obyektlərinə zərbələr endirib.
Zərbələr Vaşinqton və Tehran arasında İranın “nüvə dosyesi” ilə bağlı danışıqların davam etdiyi bir vaxtda həyata keçirilib. Sonuncu raund fevralın 26-da Cenevrədə baş tutmuşdu.
Hücum nəticəsində İranın ali dini lideri Əli Xameneinin öldürüldüyü bildirilir. Ölkədə 40 günlük matəm elan olunub.
Vladimir Putin hadisəni insan əxlaqı və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirib. Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ və İsrailin hücumunu pisləyərək, təcili deeskalasiya və hərbi əməliyyatların dayandırılmasına çağırıb.
Mənbə: mail.ru
