7 oktyabr hadisəsindən sonra yaxınları hələ də Qəzzada əsir olan israillilər Netanyahunun ofisi qarşısına toplaşaraq etiraz ediblər. Yüzlərlə israilli Baş nazir Binyamin Netanyahunun Qərbi Qüdsdəki ofisi qarşısında hərbi kabinetin iclası zamanı nümayiş keçirərək Qəzza zolağında mübadilə razılaşması yolu ilə məhbusların azad edilməsini tələb edib.
HƏMAS üzvlərinin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına bitişik Nahal Oz yəhudi qəsəbəsindəki hərbi bazadan İsrail qadın əsgərlərini əsir götürdüklərini əks etdirən videonun yayılmasından sonra İsrailin bir çox şəhərində nümayişlər başlayıb.
Haaretz qəzetinin xəbərində Müharibə Kabinetinin üzvləri Benny Gantz və Gadi Eisenkot və müdafiə naziri Yoav Gallantın kabinet iclasından əvvəl məhbusların ailələri ilə görüşdüyü, lakin baş nazir Benyamin Netanyahunun görüş tələblərini qəbul etmədiyi bildirilib.
Xəbərdə yüzlərlə adamın Qüdsdə baş nazirlik binası qarşısında nümayiş keçirərək, məhbus mübadiləsi müqaviləsi bağlayaraq israilli məhbusların azad edilməsini tələb edərək nəqliyyatın hərəkətini kəsdiyi bildirilib.
İsrail ordusu radiosu təxminən 100 nümayişçinin Netanyahunun ofisinin girişini bağladığını bildirib.
Qüdsdəki nümayişçilər əllərində əsirlərin şəkillərini daşıyaraq, HƏMAS ilə təcili razılaşmaya işarə edərək, “İndi razılaşın” və “Hamısını diri qaytarın” kimi şüarlar səsləndiriblər. Təl-Əvivdə etirazçılar şimala gedən Ayalon şossesini bağlayıb və hökumətin istefaya göndərilməsini və təcili növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.
İsrailli məhbusların ailələri Netanyahu hökumətini Qətər və Misirin vasitəçiliyi ilə HƏMAS hərəkatı ilə dolayısı danışıqlarda barışmazlıq nümayiş etdirməklə məhbus mübadiləsi sazişini əngəlləməkdə ittiham edirlər. Videonun İsrail mediasına necə çatdığı bilinmir, lakin Kanal 12 televiziyası videonun qadın əsgərlərin ailələrinin razılığını aldıqdan sonra yayımlandığını, İsrail qəzetləri isə videonu yayımlayanların məhbusların ailələri olduğunu bildirib.
HƏMAS iddia edilən video ilə bağlı verdiyi açıqlamada İsrail mediasında yayılan videonun kəsilmiş və düzəldilmiş video olduğunu və məzmununun həqiqiliyinin yoxlanılmasının mümkün olmadığını bildirib.
Bəyanatda qeyd olunub ki, bu videonun belə bir zamanda yayımlanması İsrailin çoxsaylı forumlar və media araşdırmaları vasitəsilə yalan olduğu sübuta yetirilən uydurma hekayələr dərc etməklə Fələstin xalqının cəsur müqavimətinin imicini təhrif etmək üçün uğursuz cəhdləri kontekstində baş verir.
Mənbə: Anadolu Agentliyi