Dayanacaq tut ağacının altında idi. İri tutlar budaqlardan elə sallanırdı ki, yeməmək üçün özümü güclə saxlayırdım. Dərməyə utanırdım. Bir sözlə tutlara baxa-baxa qalmışdım. Avtobus gəldi və mən pəncərənin yanındakı oturacaqda oturdum. Gözüm yenə də tutda idi. Sonuncu dayanacaq olduğundan sürücü hələ də dayanıb vaxtının tamam olmasını gözləyirdi. Elə bu vaxt məndən yaşda xeyli böyük, səliqəli iş görkəmində olan xanım tut ağacına yaxınlaşdı. Əlindəki çantanı ağacın altına qoyub, bir budaq əyərək tutdan yeməyə başladı.

Qadın doyduqdan sonra avtobusa qalxdı və qarşımdakı oturacaqda oturdu. Ona çox heyrətlə baxırdım və təbəssümümü gizlədə bilmirdim. O da bunu hiss edib gülümsəyərək “tut yeməyimə gülürdün, qızım?” dedi.
-Bəli xanım, avtobusa minmədən mən də yemək istədim amma utandım. Sizə baxıb, sizi çox təqdir etdim. Kaş mən də sizin kimi kompleksiz olardım.
Xanım heç nə dəmədi. Elə bu zaman avtobus tərpəndi. İki dayanacaq getmişdik ki, qəfl xanım ayağa qalxdı və mənim qolumdan tutaraq avtobusdan düşürtdü. Qarşımdakı dayanacaqda da iri tut ağacı var idi. Mənim çantamı da, öz çantasını da kənara qoyaraq, “Bayaq, doymamışdım, gəl birlikdə yeyək” dedi. Çox maraqlı idi. Heç tanımadığım xanımla tut yeyirdim. Amma bir kəlmə də danışmırdıq. Ancaq ləzzətlə yeyərək bir-birimizə baxıb gülürdük, hətta iri tutları dərərək mənə yedirirdi…
Daha sonra yenidən avtobusa mindik, heç nə danışmadıq, arada bir-birimizə baxıb gülürdük. Məndən bir qədər tez düşən xanım “Heç vaxt istəklərini ertələmə, qızım. Növbəti dayanacaqda səni nə gözlədiyini bilə bilməzsən” deyib düşdü…
O gündən sonra hər səhər əlim çatan budaqlardan 1-2 dənə də olsa tut dərirəm və gülümsəyərək avtobusa qalxıram. Çünki növbəti dayanacaqda məni nə gözlədiyini bilmirəm….