Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə dünən İstanbulda aparılan danışıqlardan sürətli qərarlar gözləməyin doğru olmayacağını ifadə edərək, “Eyni zamanda mühüm razılaşmalar əldə edildi və işlər davam edir” deyib.
Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərin müxtəlif suallarını cavablandırıb.
İyunun 1-də Ukraynanın Rusiyadakı bəzi hərbi bazalara pilotsuz təyyarələrlə hücumlarını qiymətləndirən Peskov, “Rusiya prezidenti Vladimir Putin hücumlarla bağlı real vaxtda məlumat aldı” deyib.
Rusiyanın Ukraynaya təqdim etdiyi memorandumla bağlı danışan Peskov, “Bu, çoxlu sayda həll variantını əks etdirən bir çox müddəadan ibarətdir. Hər şey münaqişənin kök səbəblərindən xilas olmaq və onu davamlı bir yola salmaq məqsədi daşıyır” deyib.
Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında yaxın gələcəkdə görüş ehtimalını dəyərləndirən Peskov, “Açığı, bu, yaxın gələcəkdə çox da mümkün deyil. Putin ən yüksək səviyyədə təmaslara hazır olduğunu, lakin təmasların texniki səviyyədə ediləcək razılaşmaların nəticəsi olması lazım olduğunu vurğulayır” deyib.
Dmitri Peskov dünən İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları ilə bağlı bu məlumatları da bölüşüb: “Bəzi sürətli qərarlar və ya irəliləyişlər gözləmək düzgün olmazdı. Eyni zamanda mühüm razılaşmalar əldə olunub və işlər davam edir. Bu razılaşmalar həyata keçiriləcək”.
Peskov Zelenskinin dünənki danışıqlardan sonra verdiyi açıqlamaları “bədbəxt” adlandırıb və “Bu bəyanatlar danışıqların ruhuna uyğun deyil” deyib.
Peskov bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı edəcəyi güzəştlər danışıqların mövzusudur və ictimaiyyətə açıqlana bilməz.
Mənbə: TrtHaber