Bugun.tv xəbər verir ki, İsveçrəli alimlər Alp dağlarında buzlaqların əriməsini yavaşlatmaq üçün qeyri-adi üsulu sınaqdan keçirirlər. Tədqiqatçılar sintetik örtüklərə alternativ olaraq qoyun yunundan hazırlanmış xüsusi örtüklərdən istifadə edirlər.
“Keep It Wool” adlı layihə Summit Foundation və Lozanna Universitetinin əməkdaşlığı ilə həyata keçirilir. Məqsəd günəş şüalarını əks etdirərək buzun isinməsini və əriməsini azaltmaqdır.

Bu ilin iyununda İsveçrənin qərbində yerləşən Tsanfleuron buzlağının təxminən 200 kvadratmetrlik hissəsinə iki yun örtüyü sərilib. Alimlər yay ərzində onların nəticələrini ənənəvi sintetik geotekstil örtüklərlə müqayisə ediblər.

İlkin nəticələr gözləniləndən daha yaxşı olub. Tədqiqatçıların bildirdiyinə görə, yun örtükləri sintetik materiallarla müqayisə edilə biləcək səviyyədə ərimənin qarşısını alıb. Üstəlik, qoyun yunu bioloji parçalana bilən materialdır və İsveçrədə istifadə olunmayan yunun bir hissəsinə yeni tətbiq sahəsi qazandıra bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, bu üsul qlobal istiləşmənin uzunmüddətli həlli deyil. Buzlaqların əriməsini dayandırmağın əsas yolu istixana qazı emissiyalarının azaldılmasıdır.

Mənbə: Reuters
