İtaliyada Baş nazir Giorgia Meloninin təşəbbüsü ilə irəli sürülən məhkəmə islahatı üzrə referendumda səsvermə başlayıb.
Bu səsvermə gələn il keçiriləcək ümumi seçkilər ərəfəsində Meloninin rəhbərlik etdiyi sağçı koalisiya üçün mühüm siyasi sınaq kimi qiymətləndirilir. Seçicilər hakimlər və prokurorların karyera yollarının ayrılması, eləcə də məhkəmə özünüidarəetmə orqanının iki hissəyə bölünməsi ilə bağlı konstitusiya dəyişikliklərinə münasibət bildirirlər.
Referendum kampaniyası “bəli” və “xeyr” düşərgələri arasında gərgin mübarizə şəraitində keçib. Hakimiyyət islahatların məhkəmə sistemində şəffaflığı artıracağını və siyasi təsirləri azaldacağını bildirir.
Müxalifət, o cümlədən Demokrat Partiyası və 5 Ulduz Hərəkatı isə əksinə, bu dəyişikliklərin məhkəmə müstəqilliyini zəiflədə biləcəyini və siyasi müdaxilə riskini artıracağını iddia edir.
Analitiklərin fikrincə, referendumun nəticəsi Meloninin siyasi mövqeyinə ciddi təsir göstərə bilər. “Bəli” tərəfinin qələbəsi onun hakimiyyətini gücləndirə, “xeyr” tərəfinin üstünlüyü isə müxalifətin birləşməsi üçün yeni imkanlar yarada bilər.
Səsvermənin nəticələrinin ölkənin daxili siyasi balansına və gələcək seçki proseslərinə təsir edəcəyi gözlənilir.
Mənbə: CNN
