İtaliyanın baş naziri Giorgia Meloni Qəzzada yenilənmiş hücumlardan “dərin narahatlığını” ifadə edib və dərhal atəşkəsə çağırıb.
Meloni bu həftə Brüsseldə keçiriləcək Avropa Şurasının iclasından əvvəl İtaliya parlamentindəki çıxışında Qəzza münaqişəsi, Ukraynadakı vəziyyət, Avropa təhlükəsizliyi və ABŞ ilə ticarət gərginliyi kimi əsas geosiyasi problemlərə toxunub.
Meloni Qəzzada iki aylıq atəşkəsin dağılmasından məyus olduğunu bildirib.
Bu vəziyyətin qarşıdurmaların şiddətlənməsinə və mülki itkilərin artmasına səbəb olduğunu bildirən Meloni, “Qəzzada qarşıdurmaların yenidən başlamasını böyük narahatlıqla izləyirik” deyib.
“Bu, hamımızın üzərində çalışdığımız sülh hədəflərini təhlükə altına qoyur. Bu məqsədlərə bütün əsirlərin azad edilməsi, münaqişəyə daimi son qoyulması və Qəzzaya humanitar yardımın qaytarılması daxildir”, – Meloni əlavə edib.
İtaliya hökuməti HƏMAS-a qarşı təcavüzündə işğalçı rejimi dəstəkləsə də, Meloni keçmişdə işğalçı hökumətin baş naziri Binyamin Netanyahunu xüsusilə Qəzzaya humanitar yardımın məhdudlaşdırılması ilə bağlı tənqid edib. Meloni daha əvvəl sionistlərin Livanda sülhməramlı bazaya endirdiyi və 5 italyan əsgərinin yaralanmasına səbəb olan hava hücumunu pisləmişdi.
Meloni Qəzza böhranı ilə yanaşı, ABŞ prezidenti Donald Trampın Avropadan gələn polad, alüminium və əlaqədar məhsullara 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamasından sonra Avropa ilə ABŞ arasında ticarət gərginliyinə də toxunub.
İtaliyanın baş naziri cavab tədbirlərinin ticarət müharibəsinə çevrilə və inflyasiyanı pisləşdirə biləcəyi barədə xəbərdarlıq edərək, “Avropa İttifaqı tarifləri ilə cavab vermənin ağıllı olub olmadığına əmin deyiləm” deyib.
Aİ liderləri cümə axşamı və cümə günləri Brüsseldə keçiriləcək Avropa Şurasının iclasında bu təcili məsələləri müzakirə edəcəklər. İtaliyanın Qəzzada gərginliyin azaldılması və Birləşmiş Ştatlara qarşı iqtisadi cavab tədbirləri üçün ehtiyatlı yanaşmanın tərəfdarı olacağı gözlənilir.
Mənbə: İlkha